Düsseldorfda yerləşən Almaniyanın «Rheinmetall «şirkətlər qrupu 2024-cü ildə Ukraynada ilk zirehli maşınların istehsalına başlamağı planlaşdırır.
"AzPolitika.info" xəbər verir ki, «Rheinmetall»-ın baş direktoru Armin Papperqerin «WirtschaftsWoche» nəşrinə verdiyi müsahibədə bildirdiyinə görə, o, gələn ilin əvvəlindən gec olmayaraq, Ukrayna ilə müvafiq müqavilənin bağlanacağını gözləyir.
O qeyd edib ki, Ukraynada «Fuchs» təkərli nəqliyyat vasitəsinin və «Lynx» piyada döyüş maşınının istehsalı nəzərdə tutulur.
"Müqavilə imzalandıqdan sonra biz Ukraynada ilk tam ötürücülü avtomobilin təxminən 6-7 aya, ilk Lynx-in isə 12-13 aya hazır olmasını istəyirik" - deyə, Papperqer qeyd edib.
Ukraynada “Fuchs”un istehsalı 2024-cü ilin yayın sonundan mümkün olacaq və «Lynx» də 2025-ci ilin yayında onu izləyə bilər.
“Bizimlə Ukrayna arasında birgə istehsalın bir hissəsi kimi ilk on «Lynx» avtomobili Almaniya və Macarıstanda istehsal olunur. Tutumun genişləndirilməsi mərhələsindən sonra biz qısa müddətdə bu avtomobillərin əhəmiyyətli bir hissəsini tamamilə Ukraynada istehsal edə biləcəyik. Federal hökumət istehsal üçün tələb olunan ixrac lisenziyasını təmin edəcəyini bildirib” - deyə, Papperqer əlavə edib.
"Rheinmetall" artıq Ukrayna müdafiə sənayesinin ən böyük tərəfdaşıdır. 2022-ci ildə qrup təxminən 900 milyon avro dəyərində sifarişlər aldı və 2023-cü ildə sifarişlərin həcmi təxminən 2,5 milyard avroya yüksəlib.
Rüfət
"AzPolitika.info"


Şərhlər