Xankəndidə “özünü buraxmış” keçmiş qondarma qurumun ayrı-ayrı təmsilçiləri artıq ölmüş separatçı rejimi İrəvanda “diriltməyə” çalışırlar.
“AzPolitika.info” Ermənistan mətbuatrına istinadla xəbər verir ki, ermənipərəst rusiyalı publisist Sergey Karnauxov öz “Telegram” kanalında keçmiş qondarma qurumun ”parlament”inin dekabrın 2-də İrəvanda gizli iclas keçirdiyini yazıb.
Ermənilərin “aysor.am” portalı bu məlumatı dəqiqləşdirmək üçün “deputatlar”la əlaqə saxlayıb. Ancaq onlar sualdan qaçıblar: “Nela Qriqoryan “mən heç bir suala cavab vermirəm” dedi, David Qalstyan isə sualı dinlədikdən sonra dedi ki, yoldadır və danışmaq imkanı yoxdur. David Melkumyan və Metaxe Hakobyan zənglərimizi cavabsız qoydu”.
Samvel Şahramanyanın köməkçisi Vladimir Qriqoryan isə suala daha sonra cavab verəcəyini vəd edərək deyib ki, onun “rəisi” görüşdədir.
Karnauxovun sözlərinə görə, iclasda guya bütün “deputatlar” iştirak edib və hətta iki yenisi də “and içib”.
Qeyd edək ki, Ermənistanın bütün hakimiyyət nümayəndələri, Baş nazir və parlament sədri də daxil olmaqla, keçmiş qondarma qurumun “hakimiyyət orqanları”nın İrəvanda qalmasını və fəaliyyət göstərməsinin Ermənistanın təhlükəsizliyi üçün böyük təhdid olduğunu dəfələrlə bildiriblər. Çünki bunun Azərbaycan tərəfindən necə qəbul olunacağını və hansı cavab tədbirlərinin görülə biləcəyini yaxşı başa düşürlər...
“AzPolitika.info”


Şərhlər