“Mən artıq demişəm ki, bizim strateji məqsədimiz Ermənistan dövlətini, onun suverenliyini və müstəqilliyini möhkəmləndirməkdir və biz bu istiqamətdə irəliləyişimizi davam etdirəcəyik”.

“AzPolitika.info” xəbər verir ki, bunu dekabrın 6-da Baş nazir Nikol Paşinyan Ermənistan parlamentində “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyanın sualını cavablandırarkən deyib. Ohanyan Ermənistanın “artsax”ın “gələcəyi” ilə bağlı strategiyasının nədən ibarət olduğunu və sabiq qondarma qurumun rəhbərliyi ilə hansı əlaqələr qurulduğunu soruşub.

Paşinyan cavabında Ohanyanın da aid olduğu rusiyapərəst qüvvələri nəzərdə tutaraq deyib ki, Ermənistanda müəyyən qüvvələr Qarabağ məsələsindən yalnız bir məqsəd üçün istifadə ediblər ki, bu da Ermənistanda dövlətçiliyin yaranmasının qarşısını almaq olub: "Mənim üçün bu inam zaman keçdikcə daha da güclənir".

Daha sonra sual-cavab qarşılıqlı ittihamlara çevrilib. Paşinyan deyib ki, 1996-cı il Lissabon sammitindən sonra Qarabağ məsələsi bitib: “Biz bu reallığı qəbul etmədik. Bu, bizim dərin köklü problemlərimizdən biridir, o cümlədən hökumətimizin problemidir. Yuxarıda qeyd olunan sammitin yekunu olaraq bəyanat qəbul edilib ki, həmin bəyanata görə Dağlıq Qarabağ məsələsi öz müqəddəratını təyinetmə hüququ çərçivəsində həll olunmalıdır. Yəni, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət statusu almalıdır. Biz hamımız istifadə etdiyimiz terminləri bu terminləri dövriyyəyə buraxan qurumların qavrayışı ilə müqayisə etməmişik. Nəticədə reallıqla qarşıya qoyduğumuz hədəflər arasında keçilməz uçurum yaranıb”.

Ohanyan öz növbəsində Azərbaycanın “cəzalandırılmasının” və qondarma qurumun “dövlət institutlarının” qorunub saxlanmasının, eləcə də ermənilərin Qarabağa qayıtması üçün şərait yaradılmasının vacibliyini qeyd edib.

O, Paşinyanı ictimaiyyəti çaşdırmaq cəhdində günahlandıraraq, xatırladıb ki, ermənilər məhz indiki hakimiyyətin bəyanatlarından və hərəkətlərindən sonra yaranmış vəziyyət nəticəsində Qarabağdan qaçıblar.

Paşinyan Ohanyanın ittihamına cavab verərkən bildirib ki, onun başlıca vəzifəsi Ermənistanı qorumaqdır: “Mənim vəzifəm Ermənistanın gələcəyidir. Ermənistan Konstitusiyası Ermənistanın gələcəyi üçün məsuliyyəti mənə həvalə edir və mən bütün diqqətimi bu işə yönəltmişəm”. Paşinyan Ohanyanın ittihamlarını “nankorluq” adlandırıb və bildirib ki, Bakıda həbsdə saxlanılan ermənilərin qaytarılması üçün gündəlik iş aparılır.

“AzPolitika.info”