Məlum olduğu kimi, Vladimir Putin nəhayət, növbəti prezident seçkisində iştirak etməyə “razılıq verib”. Ekspertlər hesab edir ki, onun bu gözlənilən qərarını məhz hərbçilərlə görüşdə elan etməsi təsadüfi deyil.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırması İnstitutu(ISW) Putinin seçki kampaniyasının Ukraynadakı müharibə üzərində quracağı ehtimalı yüksəkdir. Onun seçkiyə qatılmaq qərarını məhz hərbçilərlə görüşü zamanı elan etməsi də bunun təzahürü hesab edilə bilər.

Qeyd edək ki, ISW-nin bu yanaşması onun daha əvvəlki proqnozundan fərqlənir. Belə ki, bu tanınmış ABŞ institutu daha əvvəl Putinin öz seçki kampaniyasını daxili sabitlik və Qərbin tənqidi üzərində quracağını proqnozlaşdırmışdı. Lakin görünür, Qərbin qətiyyətsizliyi və riyakarlığı səbəbindən Ukrayna əks-hücumunun uğur qazana bilməməsi Putinin hərbi iştahasını artırıb.

Amerikalı mütəxəssislərin fikrincə, sözügedən tədbirdə Ukraynada döyüşən hərbçilər və qondarma “dxr” döyüşçüsü ilə danışan Putin seçki kampaniyası üçün Ukraynadakı müharibənin vacibliyini nümayiş etdirmiş olub. Onun burada söylədikləri hərbçilər və onların yaxınları, eləcə də həlak olan və yaralanan hərbçilərin ailələri də daxil olmaqla, seçicilərin xeyli hissəsinə ünvanlanıb.

Xatırladaq ki, bu günlərdə xeyli müddət əvəl səfərbərliyə cəlb olunmuş əsgərlərin qohumları hökumətə müraciət edərək onların xidmətdən azad edilməsini və onlarla daha yaxşı rəftar edilməsini xahiş ediblər. ISW yazır ki, Kreml seçki kampaniyası zamanı Putinin imicini yaxşılaşdırmaq üçün etiraz səslərini azaltmağa və bloklamağa çalışır.

Putinin açıqlaması həm də Rusiya ordusuna dəstək nümayişi ola bilər. İnstitutun hesabatında qeyd olunur ki, Kreml 2024-cü ilin martında keçiriləcək seçkilərdən əvvəl Rusiya ordusuna Avdeyevkanı və Kupyanskı ələ keçirməyi tapşırıb. Bu, o deməkdir ki, sözügedən yaşayış məntəqələrinin işğalı Putinə “seçki hədiyyəsi” olmalıdır.

Məhz bu səbəbdən hazırda Rusiya ordusunun böyük itkilər verərək, nə yolla olursa olsun Avdeyevkanı ələ keçirməyə çalışdığı müşahidə olunur. Bu isə növbəti dəfə Avdeyevka, Kupyansk və digər kiçik yaşayış məntəqələrinin harada yerləşdiyini belə dəqiq bilməyən rusiyalıların kütləvi şəkildə Putinin şəxsi siyasi ambisiyalarının qurbanına çevrildiyini təsdiqləyir.

C.Məmmədov

“AzPolitika.info”