Menu

Zelenski Vaşinqtona niyə dəvət edilib? – "Ukraynaya silah tədarükü təhlükə altındadır..."

11.12.2023, 14:46
Zelenski Vaşinqtona niyə dəvət edilib? – "Ukraynaya silah tədarükü təhlükə altındadır..."

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenskini “Ukraynanın təcili ehtiyaclarını və bu kritik anda ABŞ-ın davamlı dəstəyinin kritik əhəmiyyətini” müzakirə etmək üçün Ağ Evə dəvət edib. Bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir. Səfəri Ukrayna Prezidentinin İşlər İdarəsi də təsdiqləyib.

Bayden administrasiyasının vurğuladığı kimi, səfər ABŞ-ın Ukrayna xalqını, Rusiyanın qəddar işğalına qarşı müdafiədə dəstəkləməkdə sarsılmaz sadiqliyini vurğulamaq məqsədi daşıyır.

Zelenskinin Vaşinqtona səfər planları barədə daha əvvəl məlumat verilməyib. Bazar günü Ukrayna Prezidenti Buenos-Ayresdə olub və Argentinanın yeni prezidenti Xavyer Milinin andiçmə mərasimində iştirak edib.

Zelenski Vaşinqtona ABŞ Konqresinin gələn il Ukraynaya yardım üçün vəsait ayırması ilə bağlı qeyri-müəyyən perspektivlər fonunda yola düşüb. Bayden administrasiyası bu məqsədlər üçün, o cümlədən silahların istehsalı və Ukraynaya tədarükü üçün 60 milyard dollardan çox vəsait istəyib. Lakin qanun layihəsi hələlik Konqresdə nəzərdən keçirilməyib. Prinsipcə, Ukraynaya yardımın əleyhinə olmadıqlarını bəyan edən respublikaçılar büdcənin təsdiqini miqrasiya siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirirlər. Bu da öz növbəsində demokratlar üçün qəbuledilməzdir.

Gələn həftə Ukrayna və İsrailə yardımın ayrılması ilə bağlı intensiv məsləhətləşmələrin davam edəcəyi gözlənilir. Konqres tezliklə Milad tətilinə çıxacaq. Əgər bu vaxta qədər yardım təsdiqlənməsə, bu, Ukraynaya əlavə silah tədarükünü təhlükə altına qoya bilər. Ağ Ev xəbərdarlıq edib ki, administrasiyada Konqresin razılığı olmadan vəsaitin götürülə biləcəyi “sehrli qazan” yoxdur.

Bir sıra şərhçilər, o cümlədən siyasətçilər Qəzza zolağında müharibənin başlaması, həmçinin Ukraynanın bu yay başlayan hücumunun öz məqsədlərinə çatmadığı üçünQərb müttəfiqlərinin Ukraynaya yardımının zəifləyəcəyi ilə bağlı qorxularını dilə gətiriblər.

“The Guardian” qəzeti bazar günü yazır ki, Macarıstanın Baş naziri Viktor Orbana yaxın şəxslər Ukraynaya yardımı dayandırmaq üçün yaxın iki gün ərzində həmfikir respublikaçılara lobbiçilik etmək niyyətindədirlər. Orban dəfələrlə Ukraynanın bəzi ərazilərinin güzəşti bahasına Rusiya ilə sülh danışıqlarına başlamasının tərəfdarı olub. Vaşinqtonun rəsmi mövqeyi dəyişməz olaraq qalır - Ukrayna sülh şərtlərini müəyyənləşdirməlidir və məqbul şərtlər əldə olunana qədər Kiyevə Rusiyaya qarşı müharibədə kömək göstərilməlidir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol