“Sülh müqaviləsi o deməkdir ki, heç bir revanş olmayacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan olan üzvü, Maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının sədri Gevorq Papoyan deyib.
Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının tanınmış simalarından olan Papoyan hakimiyyətin məqsədinin Ermənistanı qoruyub saxlamaq olduğunu qeyd edib: “Əgər biz Ermənistan Respublikasını uzun müddət gücləndirmək və burada dövlətçiliyə malik olmaq istəyiriksə, bu yol qonşularımızla birbaşa dialoqdan keçir. Sülh müqaviləsi onlara nə qədər lazımdırsa, bizə də o dərəcədə lazımdır. Fikrimcə, bu müqavilə o haqdadır ki, burada uzunmüddətli sülh olsun. Müqavilə imzalandıqdan sonra mən Cənubi Qafqazda bütün səviyyələrdə inteqrasiya gətirəcək mühit görürəm və bu, təkcə sülh deyil, həm də iqtisadi münasibətlərin inkişafı, rifah və həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi deməkdir”.
Azərbaycanın guya müqavilə ilə bağlı tərəddüdlərinin olduğuna dair suala Paşinyanın silahdaşı cavab verməkdə çətinlik çəkib. Lakin o, istənilən halda revanşizimin Ermənistanın sonunu gətirəcəyinə əmin olduğunu söyləyib: “Əgər Ermənistan qisas almağa hazırlaşdığını bəyan etsə, bu, onun sadəcə yox olmasına doğru aparan yol olacaq. Ermənistanda bu cür əhval-ruhiyyəni və ritorikanı qızışdıracaq xarici qüvvələr meydana çıxacaq. Çünki onlar Ermənistanın mövcudluğunu istəmirlər. Biz isə üçüncü ölkələrin əlində alətə çevrilməməliyik”.
Papoyan deyib ki, qisas haqqında düşünən insanlar sülh müqaviləsi bağlaya bilməzlər. Onun sözlərinə görə, sülhün son nöqtəsi sərhədlərin delimitasiyası və demarkasiyası, sərhəddə əsgərlərin deyil, sərhədçilərin dayanması, qarşılıqlı əlaqələrin bərpasıdır.
“Bütün bunlar baş verməsə, sülh olmayacaq”, - deyən deputat əlavə edib ki, Ermənistan və Azərbaycan vətəndaşları sülhə hazır olmalıdırlar.
“Azərbaycan sülhə hazırdırmı” sualına isə Papoyan belə cavab verib: “Əgər Azərbaycan tərəfi saziş bağlayırsa, deməli, hazırdır, bağlamırsa, demək hazır deyil”.
“AzPolitika.info”


Şərhlər