Menu

“Husilər” Norveç tankerini raketlə vurdu – ABŞ Ordusunun Mərkəzi Komandanlığı məlumat yayıb

12.12.2023, 11:43
“Husilər” Norveç tankerini raketlə vurdu – ABŞ Ordusunun Mərkəzi Komandanlığı məlumat yayıb

“Husilər”in nəzarətində olan Yəməndən atılan gəmi əleyhinə qanadlı raket Norveç bayrağı altında üzən və kimyəvi yük daşıyan tankerə düşüb. Gəmi zədələnib və üzərində yanğın başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə X sosial şəbəkəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. ABŞ ordusunun məlumatına görə, itki yoxdur.

“Strinda” tankeri Qırmızı dənizi Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazından təxminən 111 kilometr şimalda atəşə məruz qalıb. Bundan sonra tanker öz gücü ilə daha bir neçə saat hərəkət edə bilər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Mason” esminesi tankerdən gələn həyəcan siqnalına cavab verib və hazırda zədələnmiş gəminin ekipajına yardım göstərir.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Eyni zamanda “Husilər” kimi tanınan iranyönlü “Ənsar Allah” qruplaşması bundan əvvəl də Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmilərə hücum edərək İsrailə qarşı döyüşlərdə iştirak etdiyini və İsrail, onun müttəfiqləri ilə əlaqəli gəmilərə hücum edəcəyini bəyan etmişdi.

Şənbə günü “Husilər” milliyyətindən asılı olmayaraq İsrailə gedən bütün gəmilərə hücum edəcəklərini bildiriblər və beynəlxalq gəmiçilik şirkətlərini İsrail limanlarına yük göndərməmək barədə xəbərdarlıq ediblər.

Gəmi izləmə şirkəti “Kpler”in məlumatına görə, “Strinda” Malayziyada bitki yağı, bioyanacaq yükləyib və Venesiyaya gedirdi. Tankerin İsraillə hər hansı əlaqəsinin olub-olmadığı məlum deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol