Azərbaycanda növbədənkənar prezident seçkisinin elan edilməsi bu mövzunu Ermənistanda da aktuallaşdırıb.
İndiyə qədər Ermənistan mətbuatında dəfələrlə iddia edilib ki, Nikol Paşinyan öz hakimiyyətinin dayanıqlığından və gələcəyindən ciddi narahatdır. Ona görə də ehtiyat variant kimi onun ömrünü uzatmaq üçün növbədənkənar parlament seçkilərinə getmək niyyətindədir.
“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında növbədənkənar parlament seçkilərinin 2024-cü ilin may-iyun aylarında keçirilə biləcəyi barədə məlumatlar dərc edilib. Ermənistanın “Past” qəzetinə danışan politoloq Vigen Akopyan növbədənkənar seçki perspektivinin real olduğunu bildirib: “Müxtəlif hökumətyönlü “Telegram” kanalları və “Facebook” qruplarının insanların bu mövzu ilə bağlı fikirlərini yoxlamaq üçün intensiv sorğular keçirməsi diqqət çəkir. Baxmayaraq ki, əslində əsasən Nikol tərəfdarlarının iştirak etdiyi bu cür “sorğular” həm özlərini, həm də tərəfdarlarını inandırmaq məqsədi daşıyır. O mənada ki, guya “Vətəndaş müqaviləsi” partiyasının hələ də yüksək reytinqi var və o, yaxşı nəticələr əldə edə bilər. Bizdə olan məlumata görə, Qərb bu məsələyə xüsusi maraq göstərir və Paşinyanın hakimiyyətini uzatmaq üçün hər şeyi edir”.
Politoloq qeyd edib ki, Paşinyanın reytinqi sürətlə aşağı düşür və Qərb bundan narahatdır: “Paşinyanın reytinqinin həndəsi silsilə üzrə aşağı düşdüyünü nəzərə alaraq, mümkün “susvanq” situasiyalarının qarşısını almaq üçün digər uyğun namizədin hazırlanması üçün ehtiyat variantlar araşdırılır. Bu halda Nikol Paşinyan “kölgə lideri” olacaq. Çox maraqlıdır ki, İlham Əliyevin növbədənkənar prezident seçkilərinə getmək istədiyi məlum olduqdan sonra növbədənkənar seçki mövzusu (Ermənistanda) daha da güclənib. Bu, o deməkdir ki, ölkədə daxili siyasi prosesləri nəzarətdə saxlamağa çalışan bəzi(xarici) moderatorlar var”.
“AzPolitika.info”


Şərhlər