Menu

Putinin köməkçisi Navalnıdan danışdı – Müxalifət lideri yoxa çıxıb (Yeniləndi)

12.12.2023, 17:23
Putinin köməkçisi Navalnıdan danışdı – Müxalifət lideri yoxa çıxıb (Yeniləndi)

“Kremlin məhbusların taleyinə nəzarət etmək niyyəti və imkanı yoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Melexovdakı 6 saylı koloniyadan yoxa çıxan müxalifət lideri Aleksey Navalnının harada olması ilə bağlı suala cavab verərəkən deyib.

Peskov qeyd edib ki, Navalnının işinə “ABŞ-ın müdaxiləsi” qəbuledilməzdir və mümkün deyil. Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller rusiyalı siyasətçinin taleyi ilə bağlı narahatlığını bildirmişdi.

Dekabrın əvvəlində Aleksey Navalnının tərəfdaşları onunla əlaqənin kəsildiyini bildirdilər. O məhkəmə iclaslarına gətirilməyib. Daha sonra müxalifətçinin son aylarda saxlanıldığı Vladimir vilayətinin Melexov şəhərindəki 6 saylı ciddi rejimli koloniyanın əməkdaşları onun artıq məhbus siyahısında olmadığını bildiriblər.

“Navalnının harada olduğu bilinmir. Görünür, onu daşıyıblar. Penitensiar Xidmət bir qayda olaraq, köçürmə tamamlanana qədər məhbusların hara göndərildiyi barədə məlumat vermir”, - “İnterfaks” agentliyi yazır.

Dekabrın 7-də, Rusiyada prezident seçkilərinin tarixi təyin olunan gün Navalnının tərəfdaşları Vladimir Putinin yeni müddətə seçilməsinə qarşı kampaniyaya başladığını elan ediblər. Bu barədə sosial şəbəkələrdə Navalnı və onun yaratdığı Korrupsiyaya Qarşı Mübarizə Fondu məlumat yayıb.

Navalnı dələduzluq ittihamı ilə Vladimir vilayətində ciddi rejimli koloniyada cəza çəkir. 2023-cü ilin sentyabrında o, "islaholunmaz” kimi bir il müddətinə təkadamlıq kamera tipli otağa köçürülüb. Bu, Rusiya cəzaçəkmə müəssisələrində məhbusa qarşı tətbiq edilən ən ağır cəza hesab olunur.

Siyasətçi indiyə qədər müxtəlif səbəblərdən 20 dəfədən çox karserə salınıb.

“AzPolitika.info”

***

Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnı cəza çəkdiyi həbsxanadan aparılıb və onun harada olduğu məlum deyil.

“AzPolitika.info” xəbər verir ki, bunu Aleksey Navalnının mətbuat katibi Kira Yarmış “BBC”-yə açıqlamasında deyib.

Yarmış öz sosial şəbəkə səhifəsində yazıb ki, Melexovodakı həbsxananın işçiləri Navalnının artıq orada qeydiyyatda olmadığını bildiriblər. ABŞ administrasiyası bu xəbərlərdən “dərin narahatlıq keçirdiyini” bəyan edib.

Navalnının köməkçiləri onun cəza müddəti uzadıldıqdan sonra daha ciddi rejimli həbsxanaya köçürüləcəyini gözləyirdilər.

Tərəfdarları onun yoxa çıxmasının seçki ilə bağlı olduğunu deyirlər.

Bazar ertəsi Navalnının tərəfdarları altı gündür ondan xəbər almadıqlarını bildiriblər. Belə ki, o, əvvəllər videobağlantı vasitəsilə iştirak etdiyi məhkəmə iclaslarında son zamanlar iştirak etməyib. Həbsxana rəhbərliyi bunu texniki problemlərin olmaması ilə izah edib. Navalnının vəkilləri də onun harada olduğunu bilmirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol