«Hizbullah» təşkilatının silahlı qüvvələri Livanın cənubundan sərhəd bölgələrində İsrail hərbçilərinin altı mövqeyinə hücum edib.
«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, bu barədə “Hizbullah” hərbi informasiya xidmətinin "Telegram" kanalında yerləşdirilən bəyanatda deyilir.
Bildirilib ki, «Hizbullah» döyüşçüləri Malkiya, Menara, Ramiya, Əl-Bəhri və Əl-Duheyr bölgələrində İsrailin postlarını və mexanikləşdirilmiş patrullarını idarə olunan raket və minaatanlardan atəşə tutub. Bundan əlavə, İsrail ordusunun Şomera qəsəbəsindəki bazası da atəşə tutulub.
Bəyanatda deyilir: “İslam müqavimət döyüşçüləri sionist rejimin Qəzza zolağında Fələstin əhalisinə qarşı təcavüzünə cavab olaraq bu əməliyyatları həyata keçiriblər: Bütün düşmən hədəfləri birbaşa zərbə nəticəsində vurulub, həlak olanlar da var”.
"Hizbullah"ın hücumlarına cavab olaraq İsrail Hərbi Hava Qüvvələri sərhəddəki Kfar Killa şəhərinə reyd keçirib, gecə hava hücumları zamanı bir şiə döyüşçüsü öldürülüb, üçü isə yaralanıb.
İsrail ərazisinin atəşə tutulduğu 18 yaşayış məntəqəsinin kənarına artilleriya atəşi açılıb. Livan hakimiyyəti yaralanan vətəndaşların sayını və dəymiş maddi ziyanı dəqiqləşdirir.
Rüfət
«AzPolitika.info»


Şərhlər