Böyük Britaniyada Mühafizəkar partiyasından Lordlar Palatasının üzvü baronessa Mişel Mon (Michelle Mone) həyat yoldaşına COVID-19 pandemiyası zamanı fərdi qoruyucu vasitələr üçün hökumət müqavilələrindən milyonlarla funt sterlinq qazandırmaqda ittiham olunur.
«AzPolitika.info» saytı bu barədə «Politico» nəşrinə istinadla xəb ər verir.
Bazar günü BBC-yə müsahibəsində keçmiş baş nazir (və hazırkı xarici işlər naziri — red.) Devid Kemeron tərəfindən Lordlar palatasının üzvü olan baronessa Mişel Mon, ailəsini mətbuatdan qorumaq istədiyi üçün əri Daq Barroumanın (Doug Barrowman) «PPE Medpro» şirkəti ilə əlaqəsi barədə mediaya yalan danışdığını etiraf edib.
Mone hazırda parlamentdən məzuniyyətdədir, bu o deməkdir ki, o, iclaslara və müzakirələrə qatılmır və müavinət tələb edə bilməz.
Onun əri Barrouman Şirkətlər Evində qeydə alınmamasına baxmayaraq, «PPE Medpro» konsorsiumuna rəhbərlik etdiyini etiraf edib.

Böyük Britaniya hökuməti 2021-ci ildə Mone-nin «PPE Medpro»ya deputatlar, lordlar, nazirlər və yüksək vəzifəli məmurların COVID-19 pandemiyasının başlanğıcında maskalar və xalatlarla təmin edilməsi üçün 202 milyon funt-sterlinq dəyərində sifariş verib. Cütlüyün iki müqavilədən təmiz gəliri isə 30 faiz, təxminən 60 milyon funt sterlinq olub.
Onun vəkilləri dəfələrlə «Guardian» qəzetinə baronessanın «PPE Medpro» ilə heç bir əlaqəsi olmadığını iddia ediblər.
Lakin baronessa sonunda etiraf edib ki, ərinin pandemiya zamanı tibbi avadanlıqların tədarükü üçün PPE Medpro müqavilələri əsasında əldə etdiyi 60 milyon funt-sterlinq qazancda pay sahibidir.
"Əgər ərim məndən əvvəl vəfat etsə, mən də onun uşaqları və mənim övladlarım kimi varis olacağam» - deyə baronessa BBC-yədanışıb. O, sözügedən vəsaitin maliyyə trastlarında saxlanıldığını qeyd edib.
"Mən mətbuata bu işdə iştirak etmədiyimi söyləməklə səhv etmişdim" — deyə, Mon qeyd edib.
Böyük Britaniya hökuməti indi «PPE Medpro»-nu "müqavilənin pozulması və əsassız varlanma" üçün məhkəməyə verir, çünki şirkətin təqdim etdiyi milyonlarla xalat heç vaxt istifadə edilməmişdir. Cütlük Milli Cinayət Agentliyi tərəfindən də araşdırılır. Baronessa isə bu işdə hansısa təqsirinin olmadığı fikrindədir.
Qeyd edək ki, sahibkarlıqdan siyasətə qatılan Mişel Corcina Mon 2015-ci ildə o vaxtkı baş nazir Devid Kemeronun tövsiyəsi əsasında Kraliça II Yelizaveta tərəfindən ömürlük zadəgan titulu alıb. Bu titul ömürlük olsa da, irsi xarakter daşımır, yəni, titul varislərə ötürülə bilməz.
Rüfət
AzPolitika.info


Şərhlər