Ermənistanın indiki hökuməti Qərbə doğru reveranslar etsə də, Rusiyanın da ətəyini buraxmağa qorxur. Çünki buna nə siyasi iradəsi, nə də iqtisadi imkanları çatmır.
“AzPolitika.info” xəbər verir ki, Ermənistandakı hakim partiyanın Gümrüdə keçirilən qapalı toplantısının bəzi detalları məlum olub. Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Baş nazir Nikol Paşinyan və XİN başçısı Ararat Mirzoyan Qərbin dəstəyinin zəifliyindən gileyləniblər: “Bizim “Vətəndaş müqaviləsi”ndəki mənbələrimiz əmin edir ki, Baş nazir Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) İqtisadi Şurasının və MDB ölkələrinin Liderlər Şurasının dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək iclasında iştirak edəcək.
Məlum olduğu kimi, rəsmi İrəvan uzun müddətdir ki, Rusiya platformalarını boykot edir: nə Ermənistanın Xarici İşlər naziri, nə Təhlükəsizlik Şurasının katibi, nə parlament sədri, nə də Baş nazir Rusiyanın sədrliyi ilə keçirilən siyasi toplantılarda iştirak etmir. Onlar yalnız iqtisadi iştirak və əlaqələri saxlamaq qərarına gəliblər. Lakin partiyanın şənbə günü Gümrüdə keçirilən siyasi toplantısında Paşinyan və Ararat Mirzoyan gileyləniblər ki, Qərb onların addımlarını düzgün dəyərləndirmir, ona görə də Rusiya ilə münasibətlərdə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Beləliklə də o, qarşıdakı tədbirlərdə iştirakına eyham vurub”.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Nikol Paşinyanın MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə, eləcə də Aİİ-nin Sankt-Peterburqda keçiriləcək rəsmi iclaslarında iştirak edəcəyi barədə siqnal aldıqlarını demişdi. Paşinyanın partiyasının qapalı toplantısında səslənən fikirlər bu məlumatı təsdiqləmiş olub. Beləliklə də Paşinyan “eyni zamanda iki oturacaqda oturmaq taktikası”nı yürütməyə çalışır. Bunun nə qədər davam edəcəyi isə hələ bilinmir...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Dəqiq küsüb?Yalançının atasina lənət olsun!
Dədə-babalarımız deyib ki,inciyənin küncünə.