“O, Putinə zəng edib kobud şəkildə tələb etmişdi ki...”
“Vaqner” başçısı Yevgeni Priqojin öldürülüb, onun məhv edilməsi FTX direktoru və Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev tərəfindən təşkil edilib. “AzPolitika.info” xəbər verir ki, öz mənbələrinə istinad edən “The Wall Street Journal” nəşrinin Priqojinin ölümü ilə bağlı dərc edilən yeni məqaləsində belə deyilir.
“The Wall Street Journal”-ın yazdığına görə, Patruşev daha öncə Putinə xəbərdarlıq edib ki, Ukrayna ilə müharibədə Priqojinə və onun muzdlularına arxalanmaq “Vaqner” başçısına getdikcə daha çox nüfuz qazandırır və Kreml üçün təhlükə yaradır. “Vaqner” üsyana başlayanda isə Patruşev bunu Priqojindən əbədi olaraq yaxa qurtarmaq üçün bir fürsət kimi görüb.
Nəşrin məlumatına görə, Patruşev 2022-ci ilin yayından başlayaraq Priqojinin yaratdığı təhlükə barədə Putinə xəbərdarlıq etməyə başlayıb, lakin “Vaqner” döyüş meydanında uğur qazandığı üçün Putin onun sözlərinə qulaq asmayıb.

Nəşrin həmsöhbəti olan keçmiş Rusiya kəşfiyyatçısının sözlərinə görə, vəziyyət 2022-ci ilin oktyabrında dəyişib. İddia olunur ki, daha sonra Priqojin Putinə zəng edib və onunla kobud şəkildə danışaraq, böyük itkilərə səbəb olan sursat çatışmazlığından şikayət edib.
Qəzetin mənbələri iddia edir ki, Patruşev həmin an Putinin kabinetində olub. Təhlükəsizlik Şurasının katibi bildirib ki, Priqojin təhlükəli həddə çatıb və artıq Kremlin gücünə hörmət etmir.
Məqalədə deyilir ki, Putin bundan sonra Priqojinin şikayətlərinə, o cümlədən Rusiya hərbi rəhbərliyi ilə ictimai müstəviyə çıxan qarşıdurmasına məhəl qoymayıb və “Vaqner” başçısının zənglərinə cavab verməyib.

Priqojin 2023-cü ilin iyununda üsyana başlayandan sonra Patruşev vəziyyəti öz nəzarətinə götürüb. Mənbə bildirir ki, Təhlükəsizlik Şurasının katibi Priqojinə rəğbət bəsləyən zabitlərə zəng edərək onlardan Priqojini üsyanı dayandırmağa inandırmalarını xahiş edib. Patruşev həm də qonşu ölkələrdə bu üsyanın dayandırılması üçün vasitəçilər axtarıb.
Onun kömək üçün müraciət etdiyi şəxslər arasında təkcə Aleksandr Lukaşenko deyil, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də olub.
Üsyan bitdikdən sonra isə Patruşev qətl planı hazırlamağa başlayıb. Nəşrin Qərb kəşfiyyat orqanlarından olan mənbələrinə görə, bu planlar sonradan Putinə göstərilib və o, buna etiraz etməyib.

Nəhayət, avqustun 23-də “Vaqner” başçısı Şeremetyevo hava limanında onun təyyarəsinin uçuş öncəsi yoxlanılmasını gözləyib. Məhz bu anda qanadın altına kiçik bir bomba qoyulub. Təyyarə havaya qalxdıqdan yarım saat sonra, təxminən 8500 metr yüksəklikdə bomba partlayıb. Təyyarədə olan on nəfərin hamısı həlak olub.
“AzPolitika.info”

Şərhlər