NATO Baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya cəbhədəki ağır itkilər və siyasi təcrid səbəbindən Ukraynadakı hərbi məqsədlərinə çatmaq şansını itirib.
“AzPolitika.info” xəbər verir ki, “Spiegel” nəşrinə danışan Stoltenberqin fikrincə, Rusiya əhəmiyyətli hərbi səylərə baxmayaraq, artıq Ukraynada hərbi məqsədlərinə nail ola bilmir və bilməyəcək. O, xatırladıb ki, Vladimir Putinin başlatdığı işğalın məqsədi Ukraynanın NATO və Avropa İttifaqına(Aİ) daxil olmasının qarşısını almaq olub. Ancaq iki illik müharibədən sonra Ukrayna indi NATO və Aİ-yə əvvəlkindən daha yaxındır.
Stoltenberq həmçinin qeyd edib ki, Rusiya öz işğalçılıq müharibəsi üçün son dərəcə yüksək bədəl ödəyir. Belə ki, ölkə artıq yüzlərlə təyyarə və minlərlə tank itirib, 300 mindən çox əsgər ölüb və ya yaralanıb. Bundan əlavə, müharibə nəticəsində Rusiyada inflyasiya artıb, həyat səviyyəsi aşağı düşüb. Həmçinin, Rusiya siyasi baxımdan dünyada əvvəlkindən daha çox təcrid olunub.
Eyni zamanda, NATO-nun Baş katibi müharibənin tez bir zamanda sona çatması ilə bağlı ümidlərə və Putinin martın 17-də yenidən seçildikdən sonra kursunu dəyişəcəyinə dair fikirlərə skeptik yanaşdığını deyib: "Putinin öz məqsədlərini və siyasətini dəyişəcəyinə dair heç bir işarə yoxdur. O, daha çox ərazi işğal etməyə cəhd etməyə davam edəcək".
Onun fikrincə, bu, o deməkdir ki, NATO və ona üzv olan 31 ölkə Ukraynaya güclü dəstəyi davam etdirməlidir.
“AzPolitika.info”

Şərhlər