“Rusiya xarici işlər naziri Sergey Lavrov gün ərzində həm türkiyəli həmkarı Hakan Fidan, həm də azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. Bundan bir gün əvvəl isə Lavrov müavini Aleksandr Qruşkoyu Bakıya göndərib. Hiss olunur ki, Kreml bölgəni ABŞ və Avropa İttifaqı ilə paylaşmaq istəmir”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“Kreml Ukrayna ilə yanaşı Cənubi Qafqazda da Vaşinqton və Brüsselə qarşı müqavimətini gücləndirməyə qərar verib”, - ekspert əlavə edib.
E.Şahinoğlu buna misal kimi nazir müavini Qruşkovun Bakıda Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələr keçirməsini xatırladır:“Rusiyalı diplomatla Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qruşkov Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyətini vurğulayıb. Yəni Kreml Bakıya demək istəyib ki, Vaşinqton və Brüsselə deyil, bölgə ölkələrinə etibar edin. Lavrovun türkiyəli həmkarıyla telefon danışığının mahiyyətində məhz bu amil dayanıb”.
Politoloq hesab edir ki, meydanda Türkiyə varsa Azərbaycana zərər dəyməz.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər