Artıq xəbər verildiyi kimi, Ukrayna Silahlı Qüvvələri Krım yarımadasının Feodosiya şəhərinin limanında Rusiyaya aid böyük “Novoçerkassk” desant gəmisini məhv edib.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın növbəti uğurlu əməliyyatının bəzi detalları məlum olub.

Əvvəlcə qeyd edək ki, Feodosiya Krım yarımadasının cənub-şərqində yerləşən və Rusiya tərəfindən ələ keçirilən şəhərdir. Ukrayna ordusunun Sevastopol limanına silsilə uğurlu zərbələrindən sonra Rusiya Qara Dəniz Donanmasının gəmilərinin bir hissəsi məhz bu şəhərdəki limana köçürülüb.

“Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyserini böyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”.

Bunu məlum zərbədən az sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general Nikolay Oleşşuk öz “Telegram” kanalında yazıb. Bu, o deməkdir ki, limana hücumu Ukrayna taktiki hərbi aviasiyası həyata keçirib.

Daha sonra Oleşşuk “Hərbi Hava Qüvvələrinin pilotlarına və əməyi keçən hər kəsə mükəmməl işlərinə görə təşəkkür edirəm”, - deyə paylaşım edib.

Lakin general Ukrayna aviasiyasının cəbhənin ən yaxın nöqtəsindən təqribən 250 km aralıda yerləşən Feodosiyanı hansı növ raketlə vurduqlarını dəqiqləşdirməyib.

Bir müddət sonra Ukrayna Hərbi Hava Qüvvələri həmin gecə Feodosiya limanında Rusiyanın “Novoçerkassk” gəmisinə hücumun qanadlı raketlərlə həyata keçirildiyini açıqlayıb. Hərbi ekspertlər isə gəminin Böyük Britaniyanın “Storm Shadow” raketilə vurula biləcəyini qeyd edirlər. Ancaq bununla yanaşı, sözügedən uğurlu hücum son günlər aktuallaşan “F-16-lar artıq Ukraynadadır” iddialarını da artırıb. Çünki öncə iki gün ərzində 5 Rusiya təyyarəsinin, ötən gecə isə böyük desant gəmisinin vurulması bu əməliyyatlarda F-16-ların “əli olduğu” barədə şübhələr yaradır.

Rusiyanın bir çox “Z kanalları” isə bir qədər də irəli ngedərək, bu təyyarələrin nəinki artıq Ukraynada olduğunu, hətta onların ikisnin guya Rusiya tərəfindən vurulduğunu da iddia ediblər. Lakin hələlik bununla bağlı hər hansı rəsmi məlumat, yaxud təyyarələrin görüntüləri yayımlanmayıb.


Feodosiya limanına endirilən zərbənin effektinə gəlincə, “Novoçerkassk” gəmisinin məhv edilməsi “Moskva” kreyserindən sonra Rusiyanın Qara Dəniz Donanmasına vurulan ən böyük zərbə hesab edilir. Limanda uzun və silsilə partlayışların səbəbi isə gəmidəki sursatın partlamasıdır.

“Yerli sakinlər olduqca güclü partlayış səsləri eşitdiklərini və tüstü dumanlarının göründüyünü bildirirlər. Bəziləri yazır ki, evlərinin pəncərələri titrəyir. Bundan sonra limanda yanğın başlayıb”. Rusiyanın “Mash” teleqram kanalı baş verənləri bu cür təsvir edib.

RBK isə xəbər verir ki, şəhərin Desantnikov və Krasnoarmeyskaya küçələrində nəqliyyatın hərəkəti dayandırılıb, bəzi avtobusların hərəkət cədvəlində dəyişiklik edilib. Krım körpüsündə də gecə saatlarında hərəkət bir neçə saatlıq dayandırılıb.

“Feodosiyada saat 03:31-də güclü partlayış oldu, indi limanda nəsə yanır... partlayış davam edir. Onlar hansısa gəmini vurduqlarını deyirlər”.

Bunu isə “Krım küləyi” teleqram kanalı yazır. Həmin teleqram kanalına görə, “Novoçerkassk” gəmisi Krıma İran PUA-ları və digər döyüş sursatları gətirib və partlayışın böyüklüyü də həmin sursatların detonasiyasından irəli gəlir. Eyni zamanda qeyd olunur ki, bu gəmi Montre konvensiyasına uyğun olaraq Bosfor boğazından keçə bilmədiyi üçün yükü Novorossiysk limanından daşıyırdı.

Son paylaşım isə Ukrayna Cənub Müdafiə Qüvvələrindən gəlib. Məlumatda deyilir ki, “Novoçerkassk VDK” 1975-1991-ci illərdə sosialist Polşası tərəfindən okeanda əməliyyatların aparılması imkanları nəzərə alınmaqla SSRİ üçün inşa edilib. O da qeyd olunur ki, "Novoçerkassk" gəmisinə ilk hücum cəhdi 24 mart 2022-ci ildə işğal olunmuş Berdyansk limanında olub. Belə görünür ki, o dəfə alınmasa da, bu dəfə alınıb...

C.Məmmədov

“AzPolitika.info”