BİZƏ DOĞMALAŞAN ORALAR...

Nurəddin İsmayıl

İlimiz başa çatmaq üzrədir. 1923-cü il suverenliyimizin, ərazi bütövlüyümüzün tamlığa qovuşduğu ən uğurlu il oldu. Bu il, əlvan boyalı üçrəngli bayrağımız vətən boyunca hər yerdə, ən uca zirvələrdə dalğalanmaq haqqı qazandı. Bu haqqı bizə qazandıran Xalqımıza, başda Ali Baş Komandan olmaqla, Müzəffər Ordumuza ən dərin minnətdarlığımızı bildiririk.

Bu il xalqımızın iki yüz illik rus imperiyasının qanlı caynağından, yüz illik erməni fitnə-fəsadından, 30 ilin separatizmindən qurtulub, daha uzaq hədəflərinə doğru start götürdüyü ildir. Bu il çar Rusiyasının 200 il öncə zor gücünə Qarabağa köçürdüyü ermənilərin könüllü olaraq Qarabağdan köç etdiyi, qondarma rejimin əli qanlı canilərinin ədalət məhkəməsi qarşısına çıxarıldığı ildir.

Qayıdış ilidir. Doğma yurd yerinə, elə-obaya, öləninə, itəninə, sahibsiz qalmış məzarlarına sahib durmağa, öləziyən ocaqlarını gurlandırmağa qayıdışdır.

Quruculuq ilidir. Viran qoyulmuş, vandalcasına dağıdılmış şəhərlərin, kəndlərin, yolların, körpülərin təzədən, daha müasir formada tikilməsi, qurulması ilidir.

Xalqın yekdilliyi, milli həmrəyliyi, düzgün yönətim, döyüş qəhrəmanlıqları, hərbi peşəkarlıq, sönməz vətən sevgisi vəhdət halına gələndə ən əlçatmaz hədəflərə yetmək də qaçılmaz olurmuş. Olacaqlar, olanlar oldu. Şübhələr, tərəddüdlər, ümidsizliyin yaratdığı yorğunluqlar, çarəsiz durumlar, özünə inamsızlıqlar cəsurluğun, örnək döyüş qabiliyyətinin, qaziliyin, ölümsüz şəhidliyin əlçatmaz geriliyində qaldı.

Mübarizlə, general Poladla başlayan fərdi qəhrəmanlıqlar bütöv xalq, bütöv ordu qəhrəmanlığına döndü. Xəyallar gerçəkləşdi, bizə yadlaşan oralar, bizə doğmalaşan buralar oldu. İndi ordumuzun hərb yolu ilə geri aldığı Xankəndidə, ordumuzun mənsubu olduğu Mərkəzi Ordu İdman klubu, “Qarabağ”ın rəqibi timsalında tarixi futbol yarışı keçirir. Və nə gözəl!

2023-cü il 30 il əvvəlki acıların candan çıxdığı il oldu. Bir həmləlik antiterror əməliyyatı ilə tarımar oldular, baş götürüb qaçmaq zorunda qaldılar. Tükənməyən erməni həyasızlığı, bu həyasızlığın himayədarlığı kara gəlmədi. Yüzillərlə köləliyni etdiyi Rusiya da, eyni qıtmıqdan olduqlarını elan etdikləri İran da sahib durmaq istəmədi bu üzü dönük soysuzlara. Bel bağladığı qərb də, hərbi basqımızdan hamilə qalan Ermənistanın mamaçası rolunda çıxış edən Fransa da mövcud reallıqları qəbul etmək zorundadır.

Başa düşürlər ki, Azərbaycan 30 il bundan əvvəl siyasi diktələr etdikləri, işğal faktından yararlanıb özlərinə sərf edən tələblər irəli sürdüyü zəyif düşmüş bir dövlət deyil və bu dövlətin baş yönətimi onların qurmaq istədiyi mənfur planları önləmək bacarığı olan strateq, mahir siyasət adamıdır. Artıq ölkəmiz regonal nüfuz qazanmaqla, qlobal geosiyasi dəyişikliklərdə öz sözünü deyən, yerləşdiyi coğrafi ərazidə hegemonluq qurmaq istəyən dövlətlərlə hansı dillə danışmağı bacaran bir dövlət halın gəlmiş.

Uğurların sırası təkcə tarixi ərazilərimizn işğaldan azad edilməsi faktı ilə bitmir. Azərbaycan qardaş Türkiyə ilə strateji müttəfiqliyin ən etibarlı tərəfdaşı olmaqla, regional, qlobal güclərə alternativ olaraq yaradılmış və çoxlarının kürkünə birə salan Türk Dövlətlər Təşkilatının qurucusu rolunda çıxış edir. Bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə ev sahibliyi edən dövlətimiz iştirakçı dövlətləri illər ərzində Azərbaycanla bağlı formalaşdırılmış yanlış fikirlərdən çəkindirməyi, bir çox beynəlxalq platformalarda aparılan müzakirələr zamanı onların obyektiv səsini almağı bacarmış. İslam ölkələri ilə əməkdaşlığın, başqa birlikləri təhdid etməyən, dini ayrıseçkilik qorxusu yaratmayan, yalnız iqtisadi, siyasi, dini bağlılığı gücləndirən ən optimal əlaqə formaları ortaya gətirmiş. Daxili sarsıntılarla ölkəni təhdid edən, üçüncü dövlətlərin əlinə işləyən cəsus şəbəkələri zərərsizləşdirilmiş, onların pozucu fəaliyyəti ifşa edilmişdir.

Əlbəttə, 1923-cü ildə əldə edilən uğurların, özündən sonrakı illlərə yeni üfüqlər açması bizi arxayın salmamalı və biz, dövlətimizin ayaqda qalması, daha qüdrətli, daha beynəlxalq nüfuzlu olması üçün səfərbər olmalıyıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar