“2023-cü ilin iqtisadi yekunlarına nəzər salsaq görərik ki, Azərbaycan bu il ən aşağı Ümumi Daxili Məhsul (ÜDM) göstərilcilərinə sahib olan ölkələr sırasında oldu. Hətta 0,8%-lik göstərici ilə MDB-də sonuncu yeri tutdu. Bu, son illərin ən aşağı göstəricilərindən biri idi”.
Bunu iqtisadçı Natiq Cəfərli 2023-cü ilin iqtisadi yekunlarını “AzPolitika.info”-ya şərh edərkən bildirib.
N. Cəfərli bu il ölkə iqtisadiyyatında aktivliyin aşağı düşdüyünü qeyd edib: “Ölkədə yeni iş yerlərinin, əlavə dəyərin yaradılmasında problemlər var, iqtisadi aktivlik isə azalıb. Bu il inflyasiyanın həcmi uzun müddət ikirəqəmli həddə oldu. İlin sonuna yaxın bu göstərici birrəqəmli səviyyəyə endi. Bu, müsbət bir gəlişmə idi. Bu il də qiymət artımları əhalini ən çox narahat edən məsələlərdən biri idi. Təəssüf ki, əhalinin gəlirlərində real artımlar olmadı. Nominal olaraq maaş artımı 11 faiz civarında oldu. Lakin inflyasiya da aşağı-yuxarı bu səviyyədə olduğu üçün real gəlirlərdə artım qeydə alınmadı. Ona görə də insanlar bu artımları hiss etmədilər. Bu il Azərbaycanın neft-qaz sektorundan asılılığının davam etdiyi bir daha sübut olundu. Bu il ÜDM-un azalmasının əsas səbəbi neft hasilatının və qiymətlərin keçən ilə nisbətən aşağı düşməsi idi”.
İqtisadçı gələn illə bağlı iqtisadi gözləntilərini də açıqlayıb: “2024-cü ildə Azərbaycan hökuməti iqtisadi aktivliyi artırmaq üçün tədbirlər görməlidir. Vergiləri və rüsumları aşağı salmaq lazımdır. Amma təəssüf ki, biz bu gün bunun əksini görürük. Məsələn, gələn il mikrosahibkarlıqla məşğul olan şəxslərin ödəyəcəkləri vergilərin artırılmasıyla bağlı qərar qəbul olundu. Düşünürəm ki, hökumət iqtisadi aktivliyi artırmaq üçün planlar hazırlamalı, əhaliyə rahat şəkildə biznes fəaliyyəti ilə məşğul olmağa şərait yaratmalıdır”.
E. Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər