Azərbaycanın Laçın yolunu Kremlin razılığı olmadan nəzarətə götürdüyü təsdiqləndi
Ölkə başçısının yerli jurnalistlərə verdiyi dünənki müsahibə cəmiyyətdə dünənə qədər cavabsız qalmış bir çox suala aydınlıq gətirdi. O cümlədən də Rusiya aşiqlərinin və milli natamamlıq kompleksi yaşayan bir çox həmvətənlərimizin “birmənalı olaraq hər şey Rusiyanın razılığı ilə edilib”, “Rusiya razı olmasaydı Qarabağı ala bilməzdik” və sair bu kimi iddialarının da bütövlükdə reallığı əks etdirmədiyi təsdiqləndi.
Məsələn, ölkə başçısı 2020-ci il 9 noyabr sazişindən sonra Laçın yolunda yaranmış vəziyyəti xatırlatdı və həmin vaxt bu yolla ermənilərə silah-sursat daşınmasına baxmayaraq, Rusiyanın Azərbaycanın haqlı tələblərinə məhəl qoymaq istəmədiyini qeyd etdi: “Müəyyən müddətdən sonra, xüsusilə görəndə ki, bu yol vasitəsilə Ermənistan Qarabağa silah-sursat, minalar göndərir, hərbi birləşmələrin rotasiyası həyata keçirilir, biz məsələ qaldırmağa başlamışdıq ki, artıq biz bu yola nəzarət etməliyik. Əfsuslar olsun ki, o vaxt Rusiya tərəfi buna müsbət yanaşmadı. Ancaq biz yenə də öz səylərimizi davam etdirirdik, mən dəqiq deyə bilərəm ki, uzun müddət ərzində - beş dəfə Rusiya tərəfinə ən yüksək səviyyədə müraciət edilmişdir ki, gəlin, bu yola birlikdə nəzarət edək. Çünki belə çıxır ki, siz buna tam nəzarət edə bilmirsiniz, hətta yəqin yadınızdadır, orada aşkarlanmış minaların da istehsal müddəti çox böyük suallar yaratdı. 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar oraya necə gətirildi? Yəni, təbii ki, bu minalar həmin o Laçın-Xankəndi yolu vasitəsilə gətirilmişdi. Ona görə biz məsələ qaldırdıq ki, gəlin, birgə postda biz də dayanaq və nəzarəti gücləndirək, eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinə də olan tənqidi yanaşma da səngiyər. Çünki biz məsuliyyəti sizinlə bir növ bölüşdürmüş olacağıq. Ancaq əfsuslar olsun ki, buna razılıq verilmədi. Nəhayət, aprelin 23-də bizim başqa çarəmiz qalmamışdı, biz daha gözləmək fikrində deyildik. Biz bir neçə saat ərzində həmin o Həkəri çayının üzərindəki körpüdə yerləşdik. Təbii ki, buna hazırlıq aparılmışdır və bəzi səylərə baxmayaraq, oradan artıq heç yerə getmədik”.
Bu açıqlamanın yuxarıda qeyd etdiyimiz Azərbaycandakı “rusbaşlar”ın ağzına qapaq olduğunu söyləməyə xeyli ciddi əsaslar var. Çünki ölkə başçısının söylədiklərindən də belə aydın olur ki, Azərbaycan aprelin 23-də Rusiyanın razılığı olmadan, hətta onun etirazlarına baxmayaraq, Laçın yolunda, Həkəri çayı üzərindəki körpüdə nəzarəti öz əlinə keçirib.
Buna qədər isə 5 dəfə “ən yüksək səviyyədə”(!) Rusiyaya həmin yola birgə nəzarət etmək təklif olunsa da, Kreml bundan imtina edib. Bundan sonra isə Azərbaycan özü, “sülhməramlılar”ın “xidmətindən” istifadə etmədən öz suveren sərhədlərini bərpa edib və burada Rusiya hərbi kontingentinin iştirakı olmadan Azərbaycanın sərhəd-keçid məntəqəsi yaradılıb. Prezident “bəzi səylərə baxmayaraq, oradan artıq heç yerə getmədik” deyərkən, həmin “səylərin” kimlər tərəfindən edildiyini də yaxşı bilirik və Moskvadan gələn açıqlamalar hələ yaddan çıxmayıb…
O vaxt məsələn, Rusiya, Ukrayna və bir çox Qərb ölkələrinin müstəqil ekspertləri Azərbaycanın bu addıma müstəqil şəkildə getdiyini, sərhədə nəzarəti öz əlinə aldığını bildirirdilər və bunu rəsmi Bakının iradəsinin təcəssümü hesab edirdilər. Yalnız ermənilər və bizdəki “rusbaşlar” Azərbaycanın bu addımı guya Rusiyanın razılığı ilə atdığını iddia edirdilər. Lakin ölkə başçısı son açıqlaması ilə bütün bu spekulyasiyalara nöqtə qoydu!
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Eşq olsun! Alqışlayırıq.
SİZƏ CAN SAĞLIĞI ARZULAYIRAM, MÖHTƏRƏM PREZİDENTİMİZ!!!