Menu

Qərblə qarşıdurma Putin rejimini çökdürə bilər

29.11.2014, 17:41
Qərblə qarşıdurma Putin rejimini çökdürə bilər

Rusiya bu il 140 milyard dollar itirəcək

“Rusiyanın ən nüfuzlu iqtisadçılarından biri bəyan edib ki, yaxın iki il ərzində dərinləşməkdə olan iqtisadi böhran Rusiyada Putin rejiminə təhlükə yaradacaq”. “The Times” qəzeti qeyd edir ki, Rusiyanın Krımı ilhaq etməsini alqışlayan və sanksiyalar qarşısında geri çəkilməyən Putinə dəstək verən sadə rusiyalılar pisləşən vəziyyətin onların gündəlik həyatına mənfi təsirini getdikcə daha effekti şəkildə hiss edəcəklər.

Qəzet yazır ki, Sergey Quriev baş nazir Medvedevin iqtisadiyyat üzrə məsləhətçisi olub. “Sberbank”ın Nəzarət Şurasının üzvü kimi də fəaliyyət göstərib. O, yazır: “Əgər heç bir şey dəyişməsə, əgər sanksiyalar aradan qaldırılmasa, neftin qiyməti qalxmasa, onda iki ildən sonra Rusiya hökuməti ciddi problemlərlə üzləşəcək-nağd pul problemi ortaya çıxacaq və həmin pulu haradansa almaq da mümkün olmayacaq”.

Quriev Parisdə müsahibə verib, o, ötən il siyasi mühacir kimi Fransaya sığınıb, çünki hakimiyyət onu təqib edirdi, onu həbs edə bilərdilər. İqtisadçının sözlərinə görə inflyasiyanın yüksəlişi, neft qiymətinin aşağı düşməsi, rublun alıcılıq qabiliyyətinin azalması, Qərbin kapital bazarından uzaq düşməsi, ölkəyə yatırım qoyan insanların Rusiyaya etibarının azalması, bütün bunlar Putin rejimini təhlükəyə sürükləyən amillərə çevrilə bilər.

Məqalədə deyilir ki, Moskvada belə arqumentlər şəxsi söhbətlər zamanı səslənir. İşgüzar adamlar rəsmi Kremlə etiraz edə bilmirlər. İqtidarın siyasi və hərbi meyli isə getdikcə daha çox anlaşılmaz olur. Belə bir vəziyyətdə nəyi isə proqnozlaşdırmaq çətindir. Faktsa ondan ibarətdir ki, Kreml Rusiyanı Ukraynaya görə Qərblə iqtisadi qarşıdurmaya sürükləyib. Bu qarşıdurmada isə Rusiyanın qalib gələcəyi o qədər də inandırıcı görünmür.

İqtisadi çətinliklər isə Moskva elitasını vurur. Bu il bahalı malların satışının 18 faiz aşağı düşəcəyi gözlənilir.

Rusiyanın maliyyə naziri Anton Siluanov hesab edir ki, bu il Rusiya sanksiyalara görə 40 milyard dollar itirəcək, neftin qiymətinin düşməsi isə Rusiya üçün 100 milyard dollarlıq itki deməkdir.

İş o yerə çatıb ki, Rusiya tərəfi Çin banklarından da şikayət edir. Çünki Çin bankları Amerikanın təzyiqi ilə Rusiyaya kredit verməkdən imtina edirlər.

Artıq Rusiyanın işgüzar dairələrini təmsil edən Aleksey Kudrin və Qerman Qref kimi şəxslər açıq şəkildə narahatlıqların dilə gətirir. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol