Ölkə ərazisində yaşanan qeyri-sabit hava şəraiti Masallı rayonunda qısa müddətdə gözlənilməz problemlər yaradıb. Elektrik və telefon xətləri yararsız vəziyyətdə qarın, palçığın altında qalıb.
Belə ki, rayonda nəqliyyat, elektrik, rabitə problemləri yaranıb.
Rayonun bəzi ərazilərində və bir çox kəndlərində elektrik enerjisinin verilməsi kəsilib. Problemin bir gündən çox davam etməsinə baxmayaraq elektrik enerjisinin verilməsi bərpa olunmayıb. Bununla bağlı hər hansı rəsmi açıqlama da verilməyib. Beləliklə, bir çox ərazilərdə əhali işıq və genişzolaqlı internetdən məhrum olub.
Əməkdaşımızın "Azərişıq"la əlaqə qurmaq cəhdləri baş tutmayıb.
Bundan başqa, bir günlük qarın yağması rayon ərazisində nəqliyyatın hərəkətini də iflic edib. Bazar günü olmasına baxmayaraq işə getməli olan əhali də çıxılmaz vəziyyətdə qalıb. Belə ki, binaların qarşısı, yollar qardan təmizlənməyib. Şəxsi avtomobillərdən istifadə edə bilməyən əhali taksi və avtobus marşrutlarının da işləməməsindən şikayətlənirlər.
Daha bir gözlənilməz problem mobil rabitə ilə bağlı yaşanır. Belə ki, günün ikinci yarısından "Azercell"in həm mobil internetində, həm də danışıq şəbəkəsində uzunmüddətli kəsintilər yaşanır. Şəbəkə tez-tez bir neçə saniyəlik bərpa olunsa da yenidən uzunmüddətli kəsinti yaşanır. Məsələ ilə bağlı "Azercell" müştəri xidmətlərindən saytımıza bildirildi ki, problem rayonun bir çox ərazisində davam edir və nədən qaynaqlandığı, nə vaxt aradan qaldırılacağı ilə bağlı məlumat yoxdur.
Beləliklə, qısa müddətdə qarın yağması nəticəsində bir gündən artıqdır davam edən problemlərə görə onminlərlə əhaliyə rəsmi qurumlardan çıxıb açıqlama verən yoxdur. Rayonda icra və bələdiyyə qurumlarının fəaliyyəti isə ümumiyyətlə hiss olunmur.
"AzPolitika.info"




Şərhlər
Rəsmi qurumların öz işləri (rüşvət,otkar,korrupsiya,büdcə yeyinrisi ) var.Onlardan bu sahələrdən hesab tələb olunur.Onlarda vaxt hanı ki, problemləri görsünlər.
Rəsmi qurumlara qeyri rəsmi şəxsləri təyin edəndə belə olur.Rüşvət,Korrupsiya tüğyam edəm ölkələrdə belə olur.
Analoqu olmayan inkişaf...