Ötən il ərzində Ermənistan və Rusiya arasında müşahidə edilən “söz dueli” son həftələrdə xeyli səngiyib. İrəvan rəsmiləri tərəfindən Kremlin ünvanına səsləndirilən sərt bəyanatlar 2023-cü ilin dekabr ayından etibarən artıq nəzərə çarpmır
Əksinə, sözügedən dövr ərzində ikitərəfli münasibətlər müstəvisində xeyli müsbət irəliləyişlər qeydə alınıb ki, bu da bəzi dairələrin “avtoritar Putinə qarşı savaş açan demokrat Paşinyan” mifini alt-üst edir.
Silahların tədarükü bərpa olundu
Bu yaxınlaradək Ermənistanın Rusiyadan narazı qaldığı məsələlərdən biri silah tədarükü ilə bağlı idi. İrəvan bir qayda olaraq, öz müdafiə qabiliyyətini məhz Moskvanın hesabına təmin edib. Kreml hər zaman Ermənistana güzəştli şərtlərlə, ucuz qiymətə silah-sursat və hərbi texnika ötürüb. Odur ki, silah təchizatındakı fasilələr iki ölkə arasında ciddi narazılıq yaradıb.
İrəvan bəyan edirdi ki, müvafiq müqavilələrin imzalanmasına və ödəniş edilməsinə baxmayaraq, uzun müddətdir ki, Moskvadan razılaşdırılan silahları ala bilmir. Rusiya tərəfi isə Ukraynadakı hərbi əməliyyatlar fonunda artan silah-sursat və texnika ehtiyacını əsas gətirərək, Ermənistan qarşısındakı öhdəliyini yerinə yetirməkdən boyun qaçırırdı.
Lakin artıq Ermənistanın Rusiyadan narazılığına əsas verən səbəblərdən biri kimi silah tədarükündəki problemlər aradan qalxır. Belə ki, Moskvanın ölkəyə göndərməli olduğu hərbi təyinatlı yüklərin bir qismi artıq ünvana çatıb və İrəvanın ixtiyarına verilib.
Paşinyan hakmiyyətini qorudu
Kreml 2023-cü ildə də Ermənistanda istədiyinə nail ola, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmədi. Moskva nə qədər çalışsa da, ölkədəki rusiyapərəst qüvvələri səfərbər etməyi bacarmadı. Bu, Rusiyanın Ermənistan daxilindəki siyasi imkanlarının məhdudluğunu göstərir.
Paşinyana gəlincə, o, növbəti siyasi qələbəsini İrəvan meri seçkilərində qazandı. Baş nazirin partiyası bunu təkbaşına edə bilməsə də, digər qərbyönümlü partiyaların köməyilə paytaxtda öz hakimiyyətini qoruyub saxladı.
Digər tərəfdən, Paşinyan siyasi müstəvidə anti-Rusiya bəyanatları versə də, iqtisadi müstəvidə iki ölkə arasındakı münasibətlərin ciddi inkişafına nail oldu və hazırda məhz bu sahə Rusiya-Ermənistan əlaqələrində əsas bağ rolunu oynayır.
Rusiya onilliklər ərzində Ermənistanda iki istiqamət üzrə xal qazanıb. Kreml İrəvanın müstəqilliyinin qarantı qismində çıxış edib və onun işğalçı siyasətini dəstəkləyib. Azərbaycan bu iki istiqamət üzrə addımlar atmaqla Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsinin əsasını qoydu.
Qarabağda hərbi əməliyyatlar fonunda bölgədəki erməni əhali öz xoşu ilə ərazini tərk etdi. Şərti sərhəddəki uğurlu əməliyyatlar isə Ermənistanın öz təhlükəsizliyinə təhdid yaratdı.
Bununla yanaşı, Rusiya Azərbaycanın Paşinyanın devrilməsində iştirakına nail ola bilmədi. Əksinə, məhz Azərbaycanın yuxarıda qeyd olunan fəaliyyətləri baş nazirə Ermənistan ictimai rəyində Rusiyanın mövqelərini zəiflətməyə imkan verdi.
Ermənistan üçün son hədlər
Paşinyan hazırki dövrdə Rusiya və Qərblə münasibətlərdə Ermənistan üçün mümkün olan maksimumlara artıq çatıb. İrəvan KTMT-nin iclaslarına qatılmasa da, təşkiltadan çıxa bilmir. Baş nazir Avrasiya İqtisadi İttifaqının işində bilavasitə iştirak edir, hətta təşkilata sədrliyi də qəbul edib.
Qərblə yaxınlaşmağa gəlincə, Paşinyan anlayır ki, hazırki məqamda Vaşinqton, Paris və Brüssel kimi paytaxtlardan ona göstərilən dəstək indikindən daha artıq ola bilməz. Odur ki, Ermənistan qeyd edilən istiqamətlərdə bu dövr üçün mümkün olan son həddədir.
Hazırda İrəvanın Qərblə münasibətlərdəki başlıca narahatlığı ABŞ-dakı prezident seçkilərilə bağlıdır. Belə ki, əgər Tramp Ağ Evə qayıdarsa, bu, Paşinyanın formalaşdırdığı konfiqurasiyanı dağıda bilər. Bunu nəzərə alaraq, ən azından cari il ərzində Ermənistanın Rusiya ilə münasibətləri ənənəvi məcrada davam etdirəcəyi gözlənilir. İrəvan tərəfindən Moskva ilə əlaqələrdə yalnız ritorikada deyil, real gərginliyə səbəb ola biləcək əməli addımlar proqnozlaşdırılmır.
(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)


Şərhlər