ABŞ Prezidenti Cozef Bayden martın əvvəlinə qədər ölkənin federal qurumlarının maliyyələşdirilməsi ilə bağlı Konqresin hər iki palatası tərəfindən əvvəllər təsdiqlənmiş qanunvericilik təşəbbüsünü imzalayıb.
“Report” xəbər verir ki, bu barədə sənəd Ağ ev saytında dərc olunub.
Sənəddə bildirilib ki, “2024-cü il yanvarın 19-da Prezident 2024-cü maliyyə ili (2023-cü ilin oktyabrın 1-də başlayıb – red.) üçün federal qurumlara təxsisatı nəzərdə tutan qanunu imzalayıb”. Təşəbbüs ölkənin federal hökumətinin bəzi strukturlarının maliyyələşdirilməsinin martın 1-dək, digərlərinin isə martın 8-dək uzadılmasını nəzərdə tutur.
Xatırladaq ki, yanvarın 19-da bir sıra dövlət proqramları və departamentlərinin, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi tikinti, nəqliyyat və mənzil-tikinti sahələrinin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında analoji qanunun müddəti bitməli idi.


Şərhlər