Menu

"Azad torpaqlara 1 milyon insanın Qayıdışı, 400 min iş yerinin yaradılması realdır" - Prezidentliyə namizəd

20.01.2024, 14:24
"Azad torpaqlara 1 milyon insanın Qayıdışı, 400 min iş yerinin yaradılması realdır" - Prezidentliyə namizəd

Prezidentliyə namizəd Zahid Orucun İctimai TV-də  üçüncü  debatdakı çıxışını təqdim edirik.

"Əziz həmvətənlər,

Sabah 20 yanvardır. Azadlığımız, bütövlüyümüz, müstəqlliymiz üçün həyatını qurban verən şəhidlərimizi ehtiramla anarkən, qürurla deyirik:”8 noyabr bütün şəhidlərimizin Zəfər günüdür”! 20 yanvar cinayətinin başçısı Mixail Qorbaçov qələbəmizə qədər yaşadı. O Ulu öndər Heydər Əliyevə, xalqımıza və dövlətimizə məğlub oldu. 20 yanvardan sonra 26 fevral, sonra 20 faiz ərazi itkiləri gəlirdi. Lakin indi qara haşiyəli təqvimi parlaq Qələbə günləri əvəzləyir. Unutmayaq ki, Qorbaçovun yerini Qərb dövlət liderləri tutub. Biz o vaxt müstəqil dövləti qurmağa məğlubiyyətlə başladıq, indi qələbə ilə başlayırıq. Biz təklif edirik ki, 20 yanvarda üzərimizə göndərilən o tanklardan birini-he, olmasa maketini, Xocalıdan gətirilən tankı, topu gətirib Qənimətlər parkına qoyaq və həmin park son 34 ildə bizə düşmənçilik edən bütün qüvvələr üzərində Qələbəmizin simvolu olsun!

25 illik siyasi fəaliyyətimizdə biz bir çox sahələri tənqid etmişik, günahkarların adını çəkmişik. Lakin indiki vəzifərimiz iki müharibədən keçən, 1 milyon qaçqının humanitar fəlakətini həll etdikdən sonra Böyük Qayıdışa nail olan bir ölkədə sosial siyasətini dəyərləndirməkdir.

Bir ölkənin rifahı daimi iş yerinə malik insanların sayı ilə ölçülür. Ölkəmizdə əmək qabiliyyətli vətəndaşların sayı 5 milyondan yuxarıdır. Onlardan qeyri-formal məşğulluqla mübarizə nəticəsində əmək müqavilələri ilə çalışanların sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 400 min artıb, bu il yanvarın 1-nə 1 milyon 800 minə çatıb. Bu rəqəmin yarısı dövlət, yarısı özəl sektorda çalışır. Bu inanılmazdır. Keçmiş sovet ölkələrinin heç birində belə bir durum yoxdur ki, dövlət belə ağır yükü çiyinlərində daşıyır. Gürcüstanda sözügedən nisbət 24/76 kimidir. Ona görə də Sosial Müdafiə Fondunun gəlirlərin 75 faizi dövlət sektorundan formalaşır. Bu nisbəti dəyişməliyik.

2024-cü ilin əvvəlinə pensiya alanların sayı 1 100 000 nəfər təşkil edir. Belədə 180 işləyən şəxs 100 nəfər pensiyaçının pensiya ödənişini təmin etməlidir. Layiqli pensiya təminatı üçün isə ən azı 3 işləyən 1 pensioner düşməlidir.

Əlbəttə, əmək bazarında gərginliyin tarixi səbəbləri var.O bir gündə yaranmayıb. Birinci Qarabağ müharibəsi nəticəsində biz təkcə ərazi deyil, həm də 300 min iş yerini itirdik. Son 3 on illikdə əhalimiz 40 faiz artıb. Bizim proqramımızda Qarabağ və ətraf ərazilərə ən azı 1 milyon insanın qayıdışı siyasəti ən mühüm iqtisadi-sosial və demoqrafik layihə kimi irəli sürülür. Bu halda 400 min iş yerinin yaradılması da tamam realdır. Çünki həmin ərazilərin zəngin təbiəti və əlverişli tranzit, nəqliyyat, logistik, o cümlədən, sənaye potensialı bunu deməyə əsas verir. Biz təklif edirik ki, günü sabahdan dövlət Əlaqələndirmə qərargahı yaratsın və o torpaqlara qayıtmaq istəyənlərə çağırış etsin, onların siyahısını və şəffaf şərtlərini hazırlayıb cəmiyyətə təqdim etsin. Biz yaxşı başa düşürük ki, bu həssas mövzudur, kimsə onu “yerli əhali qayıtmamış, siz onların torpaqlarına digərlərini qaytarmaq istəyrisiniz” kimi şərh edə və insanlar arasında çaşqınlıq yarada bilər. Lakin söhbət əsla bir məcburi köçkünün evinə, həyatyanı torpağına toxunmadan bu işi həyata keçirməkdən gedir.

Platformamızda növbəti mühüm yenilik “Zəfər varisləri” adlanır. Əlbəttə, qəhrəman şəhidlərimizə ötən on illərdə göstərilən qayğı siyasətinin yeni bir istiqamətdə inkişafı faydalı olacaqdır. Gələcəkdə hər bir azərbaycanlının canını-qanını torpaq uğrunda verərkən, ona təminatlı bir sosial qayğı siyasətinin ailəsini əhatə etməsi bütün millətimizə ən yaxşı vətənpərvərlik kursu-məktəbidir. Zəfər varislərinə -“Şəhid əmanətləri” sosial layihəsi “YAŞAT” Fondunun platformasında şəhid övladlarının adına bank hesablarının açılması və dövlət-özəl-vətəndaş birlikləri vasitəsilə həmin uşaqların 18 yaşına çatanadək onların hesabına yardımların edilməsini özündə əks etdirir.

İki Qarabağ müharibəsindən keçən bir bir ölkədə əlilliyinin dinamikasında kəskin artım, xüsusilə də məcburi köçkünlüyün ağır humanitar və fiziki qayğıları, çətin məskunlaşma şərtləri keçmiş sovet ölkələri arasında əhalisinin 100 min nəfərinə düşən əlillərin sayında kəskin artıma səbəb olub. 2000-ci ildə 250 min əlillik göstəriciləri halında sözügedən rəqəm 2020-ci ildə 633 minə, indi isə 488 minə düşüb. Lakin sonuncu rəqəmlərə diqqət yetirdikdə görürük ki, qanunsuz təyinatların həyata keçirilməsi və buna görə sabiq nazirin cəzalandırıldığı deyilirsə, nəticədə 145 mindən artıq şəxsin əvvəlki sosial statusu dəyişib. Ailə tərkibini 4 nəfərdən hesabladıqda deməli, 100 minlərlə dünənə qədər aldıqları təminatlardan məhrum olublar. Əgər belədirsə, Hökumət onların gələcək aqibətinə dair məlumatları da təqdim etməlidir ki, onlar hansı alternativ seçimlə əhatə olunublar.

Pensiyalarla bağlı ən mühüm məsələ siyasətdə sabitliyin olması, hər nazirlə yeni şərtlərin tətbiq olunmamasıdır. Dünya təcrübəsi özəl pensiya fondlarının uğurlu nümunələrini ortaya qoyur. 20-25 yaşlarında əmək fəaliyyətinə başlayan vətəndaşın vəsaitələri onun təqaüd yaşına çıxanadək investisiya, ipoteka fondları və digər istiqamətlərdə yönləndirilməsini, əvəzində əlavə gəlirlər qazanmasını mümkün edir. Ona görə də ölkəmizdə Özəl Pensiya fondlarının yaradılması müddəası bizim proqram sənədinin mühüm müddəalarından biridir. O cümlədən, əgər pensiya yaşının dəyişdirilməsi mümkün deyilsə, yaşı 65-dan yuxarı insanlarımızın nəqliyyat və dərman güzəştləri, xüsusilə də icbari tibbi sığorta təminatında daha əhatəli qayğı ilə təminatı əksini tapmalıdır. 

Digər məsələ, təyinatın vahid bir qurumda həyata keçirilməsi 3-4 qurum arasında yaralı əsgərlərin mənəvi və fiziki cəhətdən yenidən zədələnməsinin qarşısını alar.

21-ci əsrin müharibəsini 4-5-ci nəsil texnologiyaları ilə aparan bir millətin gələcəyi “Zəfər Təhsili”ni qurması ilə birbaşa bağlıdır. Ulu öndərin kəlamını yeni dövrə köçürsək, çağdaş dünyada, süni intellekt məhsullarının qlobal sistemin bütün sferalarına nüfuz etdiyi bir zamanda bizim təhsilimiz bütün pillələri üzrə həmin çağırışlara hazır olmalıdır.

Ona görə “təhsil bağçadan başlayır” deyirlər. Finlandiya kimi bir ölkənin ötən əsrin 80-ci illərində ağır iqtisadi böhran zamanı bütün xərclərin ixracına rəğmən təhsilə ayrılan vəsaitələri qoruyub saxlamaları onlara davamlı reytinqlər və yüksək rifah cəmiyyətinə nail olmağa imkan verdi. Ölkəmizdə bağçaların sayı 1800-ə qədərdir və onların içərisində özəl sektorun payı cəmi 15 faizdir. 0-6 yaş arası uşaqların bağçalarla əhatə olunmasındakı göstərici də elə bu rəqəmə yaxındır. Ona görə bizim proqramımızda bütün özəl sektora çağırış edilir ki, əgər onlar bölgələrdə bağça tikintisinə sərmayə qoyarlarsa, bütün növ vergilərdən 10 il müddətinə azad olunacaqlar. Ümidvarıq ki, bu ideya özünə geniş tərəfdarlar qazanacaq və uşaqlarımızın estetik, yaradıcı təfəkkürünü formalaşdıran birinci pillə təhsilin infrastrukturunun yaradılmasında mühüm dönüşə çevriləcəkdir.

Orta məktəblərin inkişafına dair proqramımızda çoxsaylı fərqli yanaşmalar nəzərdə tutulur. Lakin qısa reqlamentdə toxunmaq istədiyimiz mühüm məsələ, repetitorluq fəaliyyətinin, “kölgə təhsili” adı ilə geniş yayılan ictimai prosesin bizim məktəblərdə tədrisə necə təsir göstərdiyinə qısa münasibətimizi bildirmək zəruridir. Həqiqətən də ikili bir platformadır-azərbaycanlı valideynlər övladlarının gələcəyinə böyük sərmayelər qoyur və belə davranış hər cür ehtirama layiqdir.

Repetitorluq fəaliyyəti MDB məkanında da geniş yayılıb. Təhsili evlərdən məktəbə, fədakar müəllimlərimizi sinif otaqlarına qaytarmaq üçün dövlət-cəmiyyət-elmi institutlar birlikdə çalışmalıdır. Çünki məktəbin vəzifəsi təkcə tələbə yetişdirmək deyil, ilk növbədə, yüksək mənəvi keyfiyyətləri özündə daşıyan şəxsiyyət formalaşdırmaqdır.

Mütəxəssilsərin rəyinə görə belə vəziyyətin köklü səbəblərindən biri də iki imtahan mərhələsinin tətbiqindən və onlar arasındakı köklü proqram fərqlərindən qaynaqlanır. Biz dünyada belə praktikanın əleyhinə çoxlu nümunələr gətirə bilərik. Ona görə də iki imtahan sisteminin ləğvi ən yaxşı alternativlərdən biri ola bilər.

Ali təhsilə gəlincə, onun mühüm funksiyası sürətlə dəyişən iqtisadiyyatın tələblərinə uyğun kadrları formalaşdırmaqdır. Ötən əsrin 60-70 ci illərində ÜDM-in adambaşına nisbətinə görə 134-cü yerdə olan Sinqapur məhz xarici korporasiyaları ən müxtəlif güzəştli şərtlərlə ölkəyə dəvət etməklə yüksək texnoloji bir cəmiyyət formalaşdırdı. Dünən ilk türk astronavt Alper Gezeravcının “İstiqbal Göylərdədir” deyərk, Atatürkün idealını gerçəkləşdirməsi və 100 il sonra-21-ci əsrdə dünyada texnoloji inkişafa qardaş Türkiyənin imzasını yazması bizim üçün də bir mesajdır. 100 mindən artıq gəncimizin Texnofest ziyarətində olması sizcə belə festivalların hələ məktəbli çağından övladlarımız üzərində gələcək texnoloji Azərbaycan qurmağı bizdən tələb etmirmi?

İndi ən böyük milli ideya-ideologiya bütün sahələrdə sürətli inkişafı təmin edən qabaqcıl texnologiyalara yiyələnməkdir. Bax onda bayraktarların, haropların, loraların azərbaycanlı brendlərini yaratmaq əsla ağlasığmaz və xəyalpərvərlik olmayacaq. Axı biz “Azərbaycan möcüzəsi” milli ideyasını məhz bu baxımdan irəli sürmüşük. O boyda tarixi Zəfər möcüzəsini yaradan bir xalq bütün problemlərin öhdəsindən gəlməyə qadirdir.

Biz sizi yeni milli gündəliyin formalaşdırılmasında aktivliyə çağırırıq!" 

Şərhlər

Sərsər Seyidov 2024-01-21 10:26:13

Dünya iqtisadiyyatındakı geriləməyə görə hər dövlət son 2 ilin nəticələrinə görə 3cü ilin büdcəsini tərtib edirlər! BİZlərsə, Ermənistanda və Azərbaycanın 20% ərazisində 1987-93cü illər azərbaycanlıların tam genosidləri nəinki, ciddi mühakimə etmişik, tarixin bu vəhşi cinayətini hüquqa uyğun bəyan etməyə belə cürət etməmişik*?

Vətəndaş 2024-01-20 23:14:36

bu adamları MSK nə ağılla namizəd təsdiq edib?

zahid 2024-01-20 16:09:00

Yuxuda gördüklərini həqiqt sayma üçün nə qədər
əfəl olmalısan?

Namizədlərə 2024-01-20 15:12:43

Hələ Bakıda dağıtdığınız maşınqayırma. zavodlarını,tekstil kombinatlarını,yüngül snaye obyektlətini bərpa edin,sonra qayıdış nağılları ilə millətin başını qatarsınzı..

Qarabağlı 2024-01-20 15:07:01

Hər il bir kənd qayıtsa ora və belə getsə 1000 ilə 1000 kən hamısı qayıdar dədə baba tyurdlarına ay deputat

Rasim Quliyev 2024-01-20 15:04:49

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum, özgələr ilə nədi karim,

Dünyavü cahan ac olur olsun, nə işim var?!



Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm kimsə oyatsın,

Tək-tək ayılan varsa da, həq dadıma çatsın,

Mən salim olum, cümlə cahan batsa da batsın,

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol