MİLLƏT VƏKİLİNDƏN 20 YANVARLA BAĞLI İKİ MARAQLI PAYLAŞIM - FOTOLAR

Millət vəkili Etibar Əliyev 20 yanvar tarixi ilə bağlı iki paylaşım edib. Birincisi, 20 Yanvar gecəsində Şəhid olmuş Yusif Sadıqovla bağlıdır. İkincisi isə 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olan Çərkəz Qurbanlı ilə əlaqədardır. Həmin paylaşımları təqdim edirik:

20 YANVAR GECƏSİNDƏ ŞƏHİD OLMUŞ YUSİF SADIQOV

Azərbaycan Dövlət Universitetində (indiki BDU) oxuduğumuz illərdə kimlərin fövqəladə istedada malik olduğunu hamımız bilirdik. Fizikləri, kimyaçıları və riyaziyyatçıları daha yaxından tanıyırdıq. Çünki biz qonşu idik. Yataqxana həyatı bizi bir-birimizə daha yaxından tanıtdırırdı. Mexanika-riyaziyyat fakültəsinə çox istedadlı bir tələbə daxil olmuşdu. Yusif Sadıqov.

Yusif Göyçə mahalının Cil kəndində orta məktəbi qızıl medalla bitirmişdi. Odur ki, cəmi bir imtahan verəndən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. 3-cü kursda oxuyanda Moskva Dövlət Universitetində keçirilən respublikalararası olimpiadada Bakı Dövlət Universitetini təmsil edib birinci yerə layiq görülmüşdü. 

O zaman Universiteti "əla" qiymətlərlə bitirənləri Akademiyanın İnstitutlarında və universitetdə saxlayırdılar. Yusifi Elmlər Akademiyasının Mexanika-riyaziyyat İnstitutunda elmi fəaliyyətini davam etdirmək üçün saxladılar. BDU-nu fərqlənmə diplomu ilə bitirən dostumuz 3 “beş” alaraq aspiranturaya qəbul olundu. Yusifi tanıyanlar bilirdilər ki, o, vaxtından əvvəl alimlik dərəcəsi alacaq.

Bacısı professor Səyalı xanımın dediklərindən: “Hələ yanvarın birində bir ziyalı kimi, sağlam məntiq sahibi kimi bu hadisələrdən danışırdı. Deyirdi, əgər Tiflisdə olubsa, bizdə ola bilməz. Evimiz “Salyanski” adlanan məşhur hərbi kazarmanın yanında idi. Maraqlı bir detalı deyim ki, yanvarın 19-dan 20-nə keçən gecə Yusifin ad günü idi. Həm də nişanlı idi. Nişanlısı universitetdə oxuyurdu. Yusif də səhər onu imtahana aparmalı idi. Amma qəfildən tank səslərini eşidəndən sonra bizə də deməmiş sakitcə evdən çıxmışdı”.

Yusifin ölümü türkürpədicidir. Onun bir qolu tapılıb. Rus tankının altında qalan bu istedadlı qardaşımızın itkin düşməsini eşidən bütün tələbə dostları onun adı gələndə ani olaraq düşüncəyə dalırlar. Yusif davranışı, savadı, mədəniyyəti əxlaqı ilə heç kimə bənzəmirdi. Böyük Allah onu yaradanda ona heç bir qüsur verməmişdi. Yaşadığı illərdə isə o özünün yalnız fövqəlinsana xas olan keyfiyyətlərini qoruyub saxlamaqla məşğul oldu.


Frensis Bekonun gözəl bir aforizmi var: “Ateistdən yaxşı riyaziyyatçı olmaz”. 

Təhsil aldığımız illər ateizm dövrünə təsadüf etdiyi üçün biz dindən çox danışmırdıq. Ancaq Yusifin adı gələndə indi də düşünürəm ki, onun mədəniyyəti, xüsusi istedadı, əxlaqı və qorxu bilməməsi yaxşı riyaziyyatçı olmasını tamamlayırdı.

Mən Yusifin necə təmkinlə riyazi məsələlər üzərində düşündüyünün şahidi olmuşam. Universitetin 2 saylı yataqxanasında Riyaziyyatı yaxşı bilməyənlər ondan düşünməyi öyrənirdilər. Bəli, düşünməyi...

Yusifin ölümü Riyaziyyat elminə də baş verən ağır itki idi. Yeri dərhal göründü.

Mən Şəhidlər Xiyabanını hər dəfə ziyarət edəndə elə bilirəm ki, Yusif o dünyada da kimlərəsə riyaziyyat öyrədir. Amansız zamanın imtahanına çəkilmiş xalqımız Yusif və onun kimi cəsur və istedadlı oğullarını itirdi. Allah Yusifə və bütün Şəhidlərimizə rəhmət eləsin!

20 YANVAR HƏM DƏ ÇƏRKƏZ QURBANLININ DOĞUM GÜNÜDÜR...

Çərkəz Qurbanlı 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948-1959-cu illərdə həmin kənd orta məktəbində alıb. 1960-cı ildə M.F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsinə daxil olub və təhsilini 1965-ci ildə başa vurub. 1993-cü ildə Azərbaycan Dillər Universitetində Tərcümə fakültəsinin dekanı, daha sonra “Alman dilinin leksikası və üslubiyyatı” kafedrasının müdiri seçilib. 2004-2008-ci illərdə ADU-nun Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

Çərkəz Qurbanlı 1990-cı ilin yazından “Şəhidlərdən – şəhidlərə” yol getmişdi. O, 20 yanvar qırğınına etiraz əlaməti olaraq Tiflisə piyada yürüş etmişdir. Çərkəz müəllimin həmin yürüşdən xatirələri: “İlk əvvəl qərara gəlmişdik ki, bu aksiyanı Bakıdan Tiflisə qədər əl-ələ tutmaqla, yol boyu insanlarla birgə keçirək. Və hər rayonun əhalisi yollara çıxmalı, əl-ələ tutub düz Tiflisə gedib çıxmalı idi. Sonra aksiyanı özümüz həyata keçirdik, on beş günə Tiflisə çatdıq. Meydana çatanda insan axınının bizi necə qarşıladığı hələ də gözlərim önündən getmir. Bizimlə uzun illərin həsrətlisi kimi görüşürdülər. Həmin müddət ərzində artıq bu aksiyadan bütün dünya xəbərdar olmuşdu. Bu, SSRİ tarixində görünməmiş bir etiraz idi. Sonra “Azərbaycanfilm” kinostudiyasının rejissoru Xamis Muradov bu haqda kinofilm də çəkmişdi.”

Tale elə gətirdi ki, bir neçə il sonra Çərkəz müəllimin əziz oğlu Elçin 26 yaşında Qarabağda şəhid oldu. O, 1993-cü ildə, V kursda oxuyarkən, təhsilini və karyerasını yarımçıq qoyaraq könüllü cəbhəyə yollanmışdı. Elçin 1994-cü il yanvarın 6-da Qarabağda, Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid oldu. Düz 22 il sonra – Aprel döyüşlərində Lələtəpə işğaldan azad edildi. Çərkəz Qurbanlı Elçinin nisgilini hər an ürəyində gəzdirirdi.

Böyük tərcüməçi-alim Çərkəz Qurbanov Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən “Əli və Nino” və "Məhəmməd Peyğəmbər" romanlarını alman dilindən Azərbaycan dilinə tərcümə edib.

Çərkəz Qurbanlı XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş alman dilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb.

Kafkanın “Qəsr” əsərini dilimizə çevirdiyinə görə Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən mükafatlandırılmışdı.

Onun alman dilindən tərcümə etdiyi Stefan Svayqın bir neçə əsəri, o cümlədən “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi”,  həmçinin Nobel mükafatı laureatı Herman Hessenin əsərləri mükəmməl tərcümə nümunələridir.

Çərkəz Qurbanov 5 may 2014-cü ildə vəfat etmişdir.

Allah Çərkəz Qurbanova və bütün Şəhidlərimizə rəhmət eləsin.

635x100

Şərhlər

müəllim 2024-01-21 14:12:38

Allah rəhmət eləsin Amin

Son yazılar