Millət vəkili Etibar Əliyev dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatını bir il ərazində dayandırmasına münasibət bildirib.
“AzPolitika.info” xəbər verir ki, millət vəkili “Facebook” səhifəsində yaydığı məqaləyə Azərbaycan nümayəndə heyətinin yanvarın 24-də qurumun iclasında açıqladığı bəyanatdan sitat gətirməklə başlayıb: "AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Avropa Şurasının bu qərarına Ermənistan, Fransa və onlara züy tutan digər ölkələrin nümayəndələri ilə yanaşı xaricdə yaşayan bir qrup azərbaycanlı ünsürlər də sevinir. Gecədən bayquş kimi ulaşırlar...”
E.Əliyev vurğulayır ki, bununla belə dostlar da yanımızdadır: “Qardaş Türkiyənin nümayəndə heyəti bədnam qərarın əleyhinə səs verdi. Dost Ukrayna isə ümumiyyətlə səsverməyə qatılmadı, onun AŞPA-dakı heyətinin üzvü, deputat Aleksey Qonçarenkonun çıxışı isə hər cür xoş sözlərə layiqdir. Qonçarenko dedi: "Bu qurumun tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub".
Bəli, Azərbaycanfobiyanın əsas səbəbi ötən il düşmənin qalıqlarını ölkədən çıxarıb ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etməyimizlə bağlıdır. Azərbaycana düşmən kəsilənlər bir şeyi anlamırlar ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan bu qurumun üzvü deyillər. Belə çıxır ki, bu ölkələrdə həyat donub? Bu gün Avropanın tanınmış intellektualları Avropa dəyərlərinin deqradasiyasından danışırlar. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyimiz bərpa olunub. Bunu istəmirlər”.
Millət vəkili hesab edir ki, hazırkı dünyada liderliyin paradiqması dəyişib. Onun sözlərinə görə, neofaşistlər yeni dünya düzənində İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi liderlərdən qorxurlar: “Avropa Şurasındakı nümayəndə heyətimizin üzvləri bu qurumun bütün deputatlarından intellektualdırlar, sivil davranışları və savadları ilə seçilirlər. Onlar qalib ölkənin nümayəndələridirlər. Prezident İlham Əliyev Makiavellidən sonra siyasətdən sıxışdırılıb çıxarılmış əxlaq anlayışını siyasətə qaytardı. Avropa Şurasında təmsil olunan deputatlar erməni vəhşiliklərindən xəbərdardırlar. Ancaq bu hərəkətləri həyasızcasına danırlar. Atatürk dövründə Türkiyənin hansı təhdidlərlə üzləşdiyi barədə məlumatlıyıq. Türk xalqı öz lideri ilə birgə müqavimət göstərdi və qələbə çaldı. Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəişində ölkəmizin hansı amansız təhdidlərlə üzləşdiyinin şahidi olduq. Heydər Əliyev-Xalq birliyi qələbə çaldı. Onun siyasi varisi cənab İlham Əliyev siyasətin dərin bilicisi kimi ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan regionda lider dövlətdir”.
Etibar Əliyev vurğulayır ki, əgər Qərbdə sivilizasiyanın elementar nişanələri varsa, sülhü dəstəkləməldirlər. “Təəssüflər olsun ki, Avropa Şurası kimi bir qurum yeni münaqişələrin tərəfdarıdır, sülhü ayaqlar altına atan bir quruma çevrilib. Tarixi təcrübə göstərir ki, Dövlət başçsı ilə Xalqın iradəsi üst-üstə düşərsə, o Millətə heç bir kənar qüvvə bata bilməz. Biz bu birliyin əyani nümunəsini fevral ayının 7-də də görəcəyik. Düşmənlər qardaş Türkiyənin ardınca Azərbaycanda keçiriləcək demokratik seçkidən əndişələnirlər... Bu mədəniyyəti öyrənmək əvəzinə zəncir gəmirirlər”, - millət vəkili qeyd edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər