Xəbər verildiyi kimi, AŞPA-da Azərbaycanla bağlı çıxarılan qərəzli qətnaməyə Türkiyə və Ukrayna nümayəndə heyətləri qəti etiraz ediblər.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna nümayəndə heyətinin üzvü, deputat Aleksey Qonçarenko müzakirələr zamanı çıxış edərək, bu qərarı pisləyib və qurumun Azərbaycana qarşı qərəzli davrandığını bildirib.
Çıxışı zamanı “Yaşasın Azərbaycan!” deyən Qonçarenko qeyd edib ki, AŞPA-nın bu qərarı yalnız Rusiyaya sərf edir və Azərbaycanın Avropadan uzaqlaşmasına xidmət edir: “İndi mənim üçün çox kədərli anlardır. Hesab edirəm ki, bir çox həmkarlarımız üçün də həmçinin. İndi yaxşı heç nə baş vermir. Mənim hamıya sualım var: İndi baş verənlərə harada sevinəcəklər? Moskvada! Tamamilə dəqiqdir. Bakıda? Düşünmürəm. Strasburqda? Yox. Kiyevdə? Yox. Azad dünya ölkələrində birliyin olmamasına burada hər şeyi pozan ölkə sevinəcək. Sizə xatırlatmalıyam ki, uzun illər boyu biz Moskvanın etdikləri ilə barışmışıq. İndi də onlar bundan istifadə edəcəklər. Mənə inanın. Bundan bizim hamımıza qarşı, Azərbaycana qarşı, bizə və bizim dəyərlərimizə qarşı istifadə edəcəklər. Digər sual: Bu, bizi güclü edirmi? Xeyr. Düşünmürəm. Bizim problemimiz var. Mən Azərbaycandakı problemlər və məsələlərlə bağlı bir çox çıxışlarla razıyam. Ancaq gəlin ədalətli olaq. Azərbaycan 2001-ci ildən bu təşkilatın üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub. İndi təhlükəli məqamdır. Biz görürük ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və Ermənistanla sülh müqaviləsi bağlayır. Biz bunun üçün dua edirik. Biz Cənubi Qafqazda sülh istəyirik. Moskva və İran kimi yox. Biz iki xalqın arasında sülh görmək istəyirik. Onlar buna doğru hərəkət edirlər. Əgər bizim indi etdiyimiz bu sülhü bir gün belə geriyə atacaqsa, bu, dəhşətli olacaq. Hesab edirəm ki, Avropa Şurası daxilində bir olmalıyıq ki, hər iki xalqa lazım olan sülh təmin olunsun. Bu, çox vacibdir. Mən azərbaycanlılara müraciət etmək istəyirəm: Siz azad dünyanın tərkib hissəsisiniz. Biz sizi burada görmək istəyirik! Bu, çox vacibdir... Biz azad dünyanın bir parçası olmaq istəyən hər bir xalq üçün mübarizə aparmaq istəyirik. Xahiş edirəm, hisslərimizi bir kənara qoyaq. Mən bizim assambleyanı və Azərbaycanı bir-birinə doğru qarşılıqlı addımlar atmağa çağırıram... “Yaşasın Azərbaycan! (Azərbaycan dilində) Yaşasın Avropa! Mən inanıram ki, biz hər şeyin öhdəsindən gələcəyik və biz Azərbaycan nümayəndə heyətini yenidən burada gözləyirik!”
“AzPolitika.info”


Şərhlər