Menu

Gələcək inkişafımızla bağlı əsas milli ideyalar nə olmalıdır? - Politoloq düşüncələrini açıqladı

27.01.2024, 13:26
Gələcək inkişafımızla bağlı əsas milli ideyalar nə olmalıdır? - Politoloq düşüncələrini açıqladı

“Azərbaycan xalqının milli ideyası - Azərbaycançılıq milli məqsədlər ətrafında möhkəmlənməyi nəzərdə tutur və Azərbaycan Respublikasının bütün vətəndaşlarına və başqa dövlətlərin vətəndaşı olsa da, etnik, dini və digər kimliklərin daşıyıcısı olaraq özünü azərbaycanlı hesab edən insanlara şamil edilir”

“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov Prezident İlham Əliyevin Azərbaycan ictimaiyyətini milli ideyanın yeni məqsədlərini müzakirə etmək çağırışına qoşularaq yazıb.

“Bizim əsas milli ideyamız ərazilərimizin azad edilməsi idi... və biz buna nail olduq. Təbii ki, mənim gələcək inkişafla bağlı öz fikirlərim var və onlar bir çox hallarda həlledici olacaq. Ancaq istərdim ki, əsas milli ideyamız və gələcək inkişafımızla bağlı ideyalarımız cəmiyyətdə - siyasətçilər, politoloqlar, alimlər, ziyalılar arasında müzakirələr aparılsın. Yəni gələcək inkişafımızla bağlı əsas milli ideyalar nə olmalıdır. Bu, ictimai müzakirə mövzusu olmalıdır”, - Prezident yanvarın 10-da yerli televizyalara müsahibəsində demişdi.

Politoloq xatırladır ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanı aşağıdakı istiqamətləri nəzərə alaraq dizayn edib:

-Azərbaycan ərazisində qədim zamanlardan bu günə kimi dövlətçiliyin tarixi davamlılığı;

-XIX əsr və 20-ci əsrin əvvəllərində milli fikrin təkamül inkişaf yolu;

-müstəqilliyin ilk illərində yol verilmiş səhvlər və təhriflər;

-habelə dövlətçiliyin inkişaf perspektivləri.

Azərbaycançılıq subidentliklər (etnik, dini, cinsi və s.) üzərində siyasi xarakterli çətir kimliyi yaradıb. Azərbaycançılığın konstruktivliyi ondadır ki, heç bir alt kimlik çətir kimliyi ilə ziddiyyət təşkil etmir, yəni azərbaycançılıq düşmənlərin təqdim etdiyi kimi totalitar ideologiya deyil, müasir milli dövlətin elastik ideoloji konsepsiyasıdır.

Azərbaycançılıq hər kəsin öz yolunu seçərkən fərdiliyini, məqsəd və maraqlar birliyi çərçivəsində özü ilə cəmiyyət arasında münasibətləri nəzərdə tutur. Bununla yanaşı, cəmiyyətin parçalanmasına, təsir qruplarının formalaşmasına yönəlmiş xarici impulsları dəf etmək üçün resursları da məhz Azərbaycan yaradır. Məhz azərbaycançılıq və ümumi məqsədlər ətrafında möhkəmlənmə müstəqil, ardıcıl və prinsipial xarici siyasət həyata keçirməyə imkan verdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, milli ideyanın məqsədi Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədə nail olundu!”

F.Məmmədov bildirir ki, milli ideyanın əsas funksiyası dəyişməz olaraq qalır: cəmiyyətin birliyini və möhkəmlənməsini təmin etmək.

“Azərbaycançılıq isə 44 günlük müharibə zamanı effektivliyini nümayiş etdirən işlək milli ideyaya çevrildi. Hər şey vahid məqsədə tabe idi və bu, milli quruculuğun tarixi mərhələsini səciyyələndirən nəticə verdi”, - o əlavə edib.

Ekspert hesab edir ki, məqsədə çatmaq müəyyən riskləri ehtiva edir. Onun sözlərinə görə, bu, vakuumun, mərkəzdənqaçma meyllərinin, apatiyanın yaranmasına gətirib çıxara bilər... “Prezident İlham Əliyev də bunu qeyd etdi”, - o qeyd edib.

“Azərbaycanın yeni hədəflərini müəyyənləşdirərkən qeyd olunan riskləri, o cümlədən Azərbaycan cəmiyyətinin arzularını, xarici geosiyasi və geoiqtisadi vəziyyəti, dövlətin və cəmiyyətin resurslarını, texnoloji və iqtisadi imkanları, müasir dövrün etnik prinsiplərini nəzərə almaq məqsədəuyğun olardı” –deyə, politoloq vurğulayıb.

Göstərilən süzgəcləri nəzərə alaraq, F.Məmmədov bildirib ki, Azərbaycanın məqsədləri kimi son mərhələdə olduğu kimi bir məqsəd deyil, məqsədlərin simbiozu hesab etmək olar:

“- təhlükəsizlik - Azərbaycan ətrafında təhlükəsizlik mühitinin yaradılması, müstəqilliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi;

- iqtisadi inkişaf - dövlətin davamlı inkişafı, cəmiyyətin inklüzivliyi, vətəndaşların rifahının yüksəldilməsi və texnoloji sıçrayış;

- Azərbaycanın beynəlxalq nüfuzunun artırılması - yeni dünya nizamı ilə bağlı qlobal müzakirələrdə iştirak;

- Qarabağın bərpası - azad edilmiş şəhər və kəndlərə azərbaycanlıların və həyatın qayıtması”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol