Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi yanvarın 27-də dərc edilən son icmalını Ukraynada döyüş meydanındakı vəziyyətin təhlilinə və Rusiya qoşunlarının irəliləyişinə həsr edib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya kəşfiyyatının hesabatında Rusiya ordusunun müəyyən istiqamətlərdə qısa məsafələrdə irəlilədiyi, lakin bunun heç bir strateji əhəmiyyətinin olmadığı göstərilir.
Hesabat müəllifləri Rusiya Federasiyasının Xarkov vilayətindəki Kroxmalnoye kəndinin və Baxmut yaxınlığındakı Veseloye kəndinin tutulması ilə bağlı bəyanatlarını xatırladıb və onların “strateji əhəmiyyət kəsb etmədiyini” bildirib: “Müharibədən əvvəl Veseloyenin əhalisi 102 nəfər, Kroxmalnoyenin əhalisi isə 45 nəfər olub. Bu, Rusiyanın kiçik irəliləyişlərinin davamıdır, Ukrayna isə fəal müdafiəyə diqqət yetirir".
Qeyd olunur ki, Rusiya qoşunlarının əsas məqsədi Donetsk vilayətinin Avdeyevka şəhərinin ələ keçirilməsi olaraq qalır və onlar yaşayış məntəqəsini cənub, şimal və şərqdən mühasirəyə almaq üçün üç istiqamətdən hücuma keçirlər: “Rusiya qoşunları şəxsi heyətdə və zirehli texnikada əhəmiyyətli itkilərə məruz qalıb. Buna çox vaxt Ukrayna PUA-larının döyüş sursatı səbəb olub”.
Britaniya kəşfiyyatı hesab edir ki, Avdeyevkadakı tunellər Rusiya qoşunlarının Ukrayna mövqelərinin arxasına keçməsinə mane olur: “Avdeyevkaya gedən əsas təchizat marşrutunun toxunulmaz qalması və Ukrayna qüvvələrinin yerli əks-hücumlar həyata keçirməsi nəticəsində şəhərin yaxın həftələr ərzində də Ukraynanın nəzarəti altında qalacağı gözlənilir”.
“AzPolitika.info”


Şərhlər