Menu

“Xristian klubu”nun Azərbaycana qarşı bitməyən qərəzi

29.01.2024, 15:58
“Xristian klubu”nun Azərbaycana qarşı bitməyən qərəzi

Həsən Bayramov,

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası və Elm Komissiyasının üzvü, pedaqogika elmləri doktoru, professor

“Xristian klubu” təsiri bağışlayan Avropa strukturlarının müsəlman-türk respublikalarına qarşı sistemli qarayaxmaları həmişə olub, olacaqdır. Əlverişli coğrafi mövqeyi, unitar və dünyəvi dövlət quruculuğunu strateji hədəfi olaraq qəbul etməsi, yetkin sosial bazası, idarəetmə və iqtisadi strukturları olan ölkəmizin əldə etdiyi beynəlxalq nüfuzu Avropada bir çoxlarını, xüsusilə Avropa Şurasının Parlament Assambleyasını həmişə rəncidə etmişdir.

Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.

Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.

Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını” Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib.

Qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.

Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.

Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir.

AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.

C.Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, - deyən Aİ rəsmisi hətta Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərmişdir.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər.

Azərbaycan BMT qətnamələrini beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan bütün bunlara baxmayaraq ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması xəttindən geri durmayacaq. Azərbaycanda yaşamış ermənilərin də həmişə dövlətimizə qarşı qərəzli və düşmən münasibətini, fasiləsiz təhdid mənbəyi olmasına baxmayaraq onların öz evlərinə qayıtmalarına etiraz etməmişik. Amma bu qayıdışı da aylarla gözləmək olmaz. Onlar məqsədli şəkildə Azərbaycandan gediblər ki, Avropaya köç etsinlər. Buna da Avropa Şurasının bütün strukturları çox yaxşı bilirlər. Azərbaycanın simasında etimadsızlıq şousu yaratmağa ehtiyac yoxdur. Biz həmişə beynəlxalq hüquqlu tələbləri baxımından bütün öhtəliklərə hörmət və məsuliyyətlə yanaşmışıq və yanaşmaqdayıq.

Şərhlər

Mubariz 2024-01-29 18:50:16

Deyəsən bu vaxta kimi susan professorlar dilə gəlmək istəyirlər .Ancaq « xristian » kəlməsi ilə «müsəlmançılıq» eşqinə düşmək heçdə yerinə düşmədi .CAR - dövləti xristiyandır ,xristyan İzraili müsəlman qətillərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verdi ,Sizin kimi « müsəlmanlar », dövlətlər səsini çıxarmadı.Allah İnsan yaradıb -xristyan ,müsəlman yox

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol