Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təşviqat mərhələsi başlayıb. “Media forum” saytı bildirir ki, seçki məcəlləsinə əsasən, təşviqat bu üsullarla aparıla bilər:
- kütləvi informasiya vasitələri ilə;
- kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə;
- çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
- qanunla qadağan edilməyən digər üsullarla.
Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağandır. Qadağa seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə də şamil olunur.
Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Kütləvi informasiya vasitələri seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrini dərc etdikdə rəy sorğusu keçirən təşkilatları, onun keçirilməsi vaxtını, dəqiq ifadə edilmiş sualları, sorğuda iştirak edənlərin sayını bildirməlidir.
Səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə proqnozların kütləvi informasiya vasitələrində dərc edilməsinə yol verilmir.
Bələdiyyələrin 1/3-dən çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı pulsuz aparmaq məqsədi ilə teleradio verilişləri təşkilatlarının kanallarında pulsuz efir vaxtı almaq hüququ var. Teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır.
Dövlət orqanları, bələdiyyə qurumları qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna vətəndaşlarla görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində kömək etməlidirlər.
Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə müvafiq icra hakimiyyəti orqanları baxır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat formasında sui-istifadə qadağandır.
Seçkiqabağı təşviqatda namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ alması qadağandır:
- təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik olan digər təşviqat materialları istisna edilməklə);
- göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
- malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz vermək;
- əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
- seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə təsir etmək.


Şərhlər