Menu

Erməni “vaqnerçi”nin dəhşətli cinayəti - VİDEO

30.01.2024, 15:50
Erməni “vaqnerçi”nin dəhşətli cinayəti - VİDEO

 Rusiyada Ukraynaya qarşı işğalçılıq müharibəsinə cəlb edilən və müharibədən qayıdandan sonra Putin tərəfindən əfv edilərək azadlığa buraxılan məhkumların törətdikləri ağır cinayətlərin sayı durmadan artır.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Nastoyaşeye vremya” kanalı keçmiş məhbus və “vaqnerçi”, milliyyətcə erməni olan Demyan Kevorkyan və onun iki “həmkarı”nın törətdiyi ağır cinayət barədə süjet hazırlayıb. Həmin süjetdən məlum olur ki, Kevorkyan və digər erməni - 44 yaşlı Aram Tatosyan, eləcə də onların əvvəllər məhkum olunmuş tanışları - 30 yaşlı Anatoli Dvoinikov iki günahsız insanı pula görə amansızlıqla qətlə yetiriblər. Belə ki, ötən ilin aprelində axşam saatlarında işdən qayıdan 31 yaşlı Kirill Çubko və 19 yaşlı Tatyana Mastıkonun olduğu avtomobilin təkəri buraxıb. Həmin yolda hərəkət edən digər avtomobildəki, yuxarıda adlarını çəkdiyimiz üç şəxs onlara yaxınlaşaraq, “kömək” təklif ediblər. Daha sonra isə onların bank kartlarını ələ keçirərək, oradakı 180 min rubl vəsaiti mənimsəyiblər. Özlərini isə qətlə yetirərək avtomobillərini yandırıblar.

Quldur dəstəsinə 31 yaşlı ressidivist Demyan Kevorkyan rəhbərlik edib. Həmin şəxs bundan əvvəl oğurluq, soyğunçuluq, banditizm, qanunsuz silah saxlama, avtomobil oğurluğu və hədə-qorxu ilə pul tələb etmədə təqsirli bilinib. O, 2016-cı ildə cəzasını ciddi rejimli koloniyada çəkmək şərtilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Kevorkyan ötən il həbsdən azad edilərək, “Vaqner”-in tərkibində Ukraynadakı işğalçı müharibəyə cəlb edilib. Qonşularının bildirdiyinə görə, müharibədən qayıdan Kevorkyan hətta medalla da təltif olunub. Bundan sonra isə əvvəlki “sənətinə” qayıdıb.

Hazırda Kevorkyanın ömürlük azadlıqdan məhrum ediləcəyi gözlənilir. Lakin bu, iki günahsız gənc insanı həyata qaytarmayacaq...

Süjetin sonunda qeyd olunur ki, yalnız 2023-cü ildə cəbhədən qayıtdıqdan sonra təkcə keçmiş “vaqnerçilər”ə qarşı 190-dan çox cinayət işi açılıb və onlardan ən azı 20-si qətlə görədir. O da bidirilir ki, həbsdən müharibəyə görə azad edilən məhbuslar təkcə “Vaqner”də deyil, digər hərbi birləşmələrdə də döyüşüblər. Onların müharibədən qayıtdıqdan sonra törətdikləri cinayətlərinsə sayı-hesabı yoxdur.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol