Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, toplantıda Aİ liderləri dekabrda Ukraynaya Macarıstanın əngəllədiyi 50 milyard avro yardımın ayrılmasını yenidən müzakirə edəcəklər.
Söhbət Aİ büdcəsindən Ukraynaya birbaşa maliyyə yardımından gedir. Bu, Ukraynanın növbəti dörd il ərzində alması planlaşdırılan 17 milyard birbaşa yardımı və 33 milyard avro krediti əhatə edir. Aİ bu xərcləri yeddiillik büdcə planına daxil etmək istəyir və bu plan daha dörd il qüvvədə olacaq. Bunun üçün artıq təsdiq edilmiş büdcəyə düzəlişlər lazımdır. Dəyişikliyə isə bütün Aİ ölkələri razılıq verməlidirlər. Lakin Macarıstan hələ də buna razı olmayıb.
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, o, Ukraynaya50 milyard avroluq yardımın Aİ-nin büdcə planına daxil edilməsinə razılıq verməyə hazırdır, lakin bu qərara hər il yenidən baxılması şərti ilə. Bu da Budapeştə gələcəkdə yardımı bloklamaq imkanı verir.
Çərşənbə axşamına qədər Orbanla razılaşma olmamışdı. Avropalı siyasətçilər etiraf edirlər ki, Macarıstan Baş nazirinin nə edəcəyini proqnozlaşdıra bilmirlər.
Aİ, həmçinin Budapeştin vetosuna qarşı alternativ variantları müzakirə edir. Bununla belə, alternativlər daha çətin görünür və icrası daha uzun çəkir, çünki onlar qərarların Aİ ölkələrinin parlamentlərindən keçməsini nəzərdə tutur.
“Financial Times” (FT) qəzeti ötən gün yazıb ki, veto qoyarsa, Brüssel Macarıstan iqtisadiyyatını sarsıtmağa hazırdır. Belə ki, onun zəif nöqtələrini hədəf almalı, valyutasını dəyərsizləşdirmək və investorların inamını qıracaq strategiya hazırlayıb. FT qeyd edir ki, Budapeşt Kiyevə yardım göstərilməsi ilə bağlı vetosunu ləğv etməkdən imtina edərsə, bu plana əl atılacaq.
Macarıstan hökumətinin Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka bildirib ki, Budapeşt Brüssel tərəfindən mümkün maliyyə zərbələrindən xəbərsizdir, lakin onun ölkəsi təzyiq altında təslim olmayacaq.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər