Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 20 illik prezidentliyi dövrü Azərbaycanın xalqının uğur salnaməsidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti layiqincə davam etdirən İlham Əliyev 2003-cü ildən sonra Azərbaycanın iqtisadi qüdrətinin artması yolunda böyük uğurların sağlam təməllərini atdı.
İstər neft strategiyası, istərsə də qeyri-neft sektorunda aparılan siyasət qısa müddətdə Azərbaycanı iqtisadi inkişafına görə regionunun lider ölkəsinə çevirdi. İqtisadi gücünü artıran ölkəmiz bu imkanlar sayəsində tarixinin ən böyük Zəfərinə nail oldu! Aparılan uğurlu siyasət xalqımızı 8 Noyabr Zəfər Günü kimi möhtəşəm tarixi qələbəyə gətirib çıxardı.
İlham Əliyev hər şeydən öncə, 30 ildən artıq Ermənistanın işğalı altında qalan torpaqlarımızı azadlığına qovuşduran dövlət başçısı kimi adını tarixə qızıl hərflərlə yazdırdı. Son iki onillikdə ordu quruculuğu sahəsində görülən işlər və məqsədyönlü siyasət nəticəsində Azərbaycan ordusu nəinki bölgənin, dünyanın ən qüdrətli orduları sırasına daxil ola bilmişdir. Bunun nəticəsində 30 il işğalda olan Qarabağımızın bir hissəsi cəmi 44 günlük Vətən müharibəsində şanlı ordumuzun və qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində işğaldan azad edildi.
Zəfərə aparan 44 günlük müharibəsini bütün ağırlığı ilə yaşayan bir hərbçi ailəsi və qazi anası kimi əsgərlərimizin düşmənlə döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlarını, xalqımızın və dövlətimizin vahid yumruq kimi birliyini Prezident İlham Əliyevin müdrik hərbi-siyasi rəhbərliyinin təntənəsi kimi də qəbul etmək olar. Qəhrəman övladlarımızın torpaqlarımızın hər qarışına görə canlarını necə fəda etmələrindən, hansı qəhrəmanlıq nümunələri göstərmələrindən nəinki təkcə zalqımız, bütün dünya ictimaiyyəti bu gün də heyrətlə bəhs edir. 44 günlük Vətən Müharibəsinin qızıl səhifələrindən hesab edilən əziz Şuşamızın azad edilməsi isə bütün qəhrəmanlıqların məntiqi nəticəsi və zirvəsi kimi tariximizə düşmüşdür. Bir qazi anası kimi fəxr edirəm ki, Azərbaycan Ordusunun leytenantı, oğlum Xəzər Nəsibli də Şuşanın azad edilməsində yaxından iştirak edib.
Bütün qeyd edilənləri nəzərə alaraq, vurğulamaq lazımdır ki, dövlətimizin başçısı 20 illik hakimiyyəti dövründə xalqımızın sosial rifahının yaxşılaşması, ölkəmizin inkişafı və güclənməsi üçün də uğurlu siyasət həyata keçirmişdir. Bu siyasət nəticəsində Azərbaycan təkcə bölgənin lider ölkəsinə çevrilməyib, həm də dünyanın geosiyası xəritəsində həlledici rola malik olan qüdrətli dövlətlərdən birinə çevrilib. Bütün bunlar onu deməyə əsas verir ki, fevralın 7-də keçiriləcək Prezident seçkilərində Müzəffər Ali Baş Komandan İlham Əliyev yenidən xalqın mütləq əksəriyyətinin etimadını qazanacaqdır. Biz də bir qazi ailəsi olaraq, bundan sonra da ölkəmizin davamlı inkişafını, sabitliyini onun yürütdüyü uğurlu siyasətdə gördüyümüz üçün fevralın 7-də bir daha İlham Əliyevə səs verəcəyik.
Əminik ki, bundan sonrakı illərdə də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı böyük uğurlara və qələbələrə aparacaqdır!
Gülyanaq Verdiyeva
UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşı.


Şərhlər