Menu

“Paşinyan Simonyanı “vurur”” – Spikerin qohumunun həbsinin əsl səbəbi nədir?

08.02.2024, 15:55
“Paşinyan Simonyanı “vurur”” – Spikerin qohumunun həbsinin əsl səbəbi nədir?

Məlum olduğu kimi, Ermənistandakı növbəti korrupsiya qalmaqalı çərçivəsində ölkə parlamentinin sədri Alen Simonyanın qardaşı arvadı həbs edilib. Artıq çoxları bu cinayət işinin sifarişli “şou” olduğunu və həbsin Simonyanın “vurulması” üçün təşkil edildiyini bildirirlər.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatına açıqlama verən politoloq Suren Surenyants Nikol Paşinyanın Simonyanın “vurulmasında” maraqlı olduğunu və bu işdə İstintaq Komitəsinin sədri Arqişti Karamyanın xüsusi canfəşanlıq göstərdiyini iddia edib. Surenyants bildirib ki, Karamyan Alen Simonyanın yerinə - parlament sədrliyinə göz dikib və onun yaxın qohumuna qarşı qərəzli cinayət işini də bunun üçün qaldırıb.

Politoloqun sözlərinə görə, o, bu məlumatı hakimiyyətə yaxın mənbələrdən alıb. Ekspert qeyd edib ki, bu və ya digər dərəcədə səs-küylü işlər İstintaq Komitəsi tərəfindən araşdırılır. Alen Simonyanın qohumunun da iştirak etdiyi İqtisadiyyat Nazirliyi ilə bağlı cinayət işi onun hakim komandadakı mövqeyini sarsıdır. Surenyants hesab edir ki, məhz Baş nazirin razılığı ilə Karamyan və onun rəhbərlik etdiyi qurum Paşinyana guya təhdid yaradacaq hakim komandanın bütün fiqurlarını “vurmağa” başlayacaq. Politoloqun fikrincə, təkcə Simonyan deyil, onun bir çox həmkarlarını da bu təhlükə gözləyir: “Mən Nikol Paşinyanı 30 ildir tanıyıram. Bu, fobiyalarla yaşayan bir insandır. O, mətbuatda səs-küylü başlıqlar görür. Məsələn, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın hədsiz ambisiyalarının olduğunu, Qərblə oyun oynadığını oxuyur. O, oxuyur ki, Alen Simonyanda narsisizm (özünə vurğunluq-red.) var. Nəticədə Paşinyanın müəyyən narahatlığı və qorxusu yaranır və Kyaramyanın köməyi ilə o, potensial rəqiblərinə təzyiq göstərməyə başlayır”.

Politoloq qeyd edib ki, Ermənistanda qalmaqallı korrupsiya işləri bundan sonra da meydana çıxacaq və Paşinyan bu işlərdən komanda daxilində özünə rəqib hesab etdiyi şəxslərə qarşı istifadə edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol