Bir qrup fəal, ictimai qurumların və müxalif partiyaların təmsilçiləri dekabrın 1-i Yerevanda, parlamentin binası qarşısında aksiya keçirib. “Media forum” saytının məlumatına görə, aksiyada Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə şüarlar səsləndirilib.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Noyabrın 14-də Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni konstitusiyaya uyğun sayan qərar qəbul edib və ratifikasiya üçün parlamentə göndərib.
1 dekabr aksiyasının iştirakçıları 131 deputatın hər birinə məktub ünvanlayaraq müqavilənin ratifikasiyası əleyhinə səs verməyə çağırıblar. Müxalif liderlərdən Paruyr Ayrikyan aksiyada çıxış edərək deyib ki, ağlı başında olan heç bir şəxs belə müqavilənin ratifikasiyasına səs verməz: “Ratifikasıyanın lehinə səs verən adam gələcək nəsillərə belə bir etiraf yazıb qoymalıdır: “Həmin vaxt mən eşşək olmuşam”.
Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri olan Paruyr Ayrikyan Ermənistan siyasətində Rusiya əleyhinə çıxışları ilə tanınıb.
Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar.


Şərhlər