"ƏHMƏD BU QƏTLİ TƏKBAŞINA TÖRƏTMƏYİB" - "Ona bu işdə dəstək verən böyük bir şəbəkə var"

Bakıda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib. Məlum olub ki, qətli törədən şəxs ailənin üzvlərindən biri olub. 25 yaşlı şəxs bacısını, onun 5 yaşlı qızını öldürdükdən sonra atasını, anasını və 9 yaşlı qardaşını da amansızlıqla öldürüb. Yaxınlarının verdiyi məlumata görə, həmin şəxsin psixoloji problemi olub və müalicə alırmış. Anasının istəyi ilə onun dispanserdə yatmasına icazə verilməyib, hətta ona avtomobil alıblar ki, "taksovatlıq" etsin.

Bir ailənin 5 üzvünün bir gündə dəhşətli şəkildə öldürülməsi əsl faciədir, fəlakətdir. Hələ öldürülənlərin arasında 5 yaşlı körpənin olması başqa bir müsibətdir. İnsan necə vəhşiləşər, necə insanlıqdan çıxar ki, belə bir cinayəti törətmiş olsun.

Bütün bunlar ayrı bir dərddir. Əsl təəccüblü olan budur ki, belə xəstəliyi olan bir insanı müalicə edən həkim onu necə Psixiatriya Xəstəxanasına yatırtmayıb? Yəni həkim bir insanın xəstəliyinin bu qədər ciddi olmasını təyin etməsi üçün kimlərinsə ölməsini gözləməlidirmi? Belə insanları cəmiyyət içərisinə buraxmaq təhlükəli deyilmi?

Hələ valideynlərin belə bir xəstəyə "taksovatlıq" etsin deyə avtomobil alması ağılsızlıq deyilmi? Həkimləri kənara qoyaq, axı valideyn olan şəxs övladının bütün problemlərini bilir. Öz övladının azadlığına qıymayan, onun dispanserdə yatmasına razılıq verməyən ziyalı bir ana yüzlərlə insanın həyatının təhlükə altında olmasına necə qıyıb?

Bu da heç, bəs həmin şəxs sürücülük vəsiqəsini necə alıb?

Bütün bunlar onu deməyə əsas verir ki, Əhməd bu qətli təkbaşına törətməyib. Ona bu işdə dəstək verən böyük bir şəbəkə var. Cəmiyyəti təhlükə altında saxlayan şəbəkə.

Bütün bunları fikirləşdikcə belə qənaətə gəlmək olur ki, ölkədə psixi problemi olan insanlara qarşı heç bir tədbir görülmür. Hətta belələrinə avtomobil də alıb verilir ki, get başını qarışdır, camaatı bədbəxt elə...

Baş verən dəhşətli qətllə bağlı "publika.az"-a danışan sosioloq Üzeyir Şəfiyev bu hadisədən çox təəssüfləndiyini qeyd edib:  "Çox təəssüflər olsun ki, baş verən hadisə çox böyük fəsadlar törədib və bir neçə ailə üzvü qətlə yetirilib. Bu hadisəni təhlil edərkən, görürük ki, burada məsuliyyət sahəsi böyükdür, genişdir. Burada həm ailənin məsuliyyət sahəsi var, digər müvafiq qurumların, müvafiq orqanların payı var. Çünki qonşuların və tanışların dediyi kimi, qətli törədən psixoloji cəhətdən sağlam adam olmayıb və bunu sağlam olmamasına baxmayaraq o, məsuliyyətdən yayındırılıb. Və yaxud da ki, onun sağlamlığına adekvat olmayan şəraitlər yaradılıb.

Yəni qeyd etdiyimiz kimi, sürücülük vəsiqəsi verilib, müxtəlif ictimai təhlükəli davranışlarının olmasın baxmayaraq bu təcrid olunmayıb, adekvat ünvanlara istiqamətləndirilməyib, hətta oradan qurtarılıb. Qeyd etdiyimiz kimi, burada həm valideyn məsuliyyət var, həm də müvafiq qurumların məsuliyyəti var. Güman edirəm ki, bu məsələ araşdırıldıqdan sonra bu istiqamətdə məsuliyyət daşıyan şəxslərə qarşı lazımı tədbirlər görüləcək".

Hadisəni şərh edən millət vəkili Ceyhun Məmmədov bu faciəyə səbəb olan hər kəsin cinayətkar olduğunu deyib: "Hesab edirəm ki, bu məsələdə məsuliyyət daşıyan hər kəs qanun qarşısında cavab verməlidir. Söhbət böyük bir ailənin bədbəxtçiliyindən, bütöv bir ailənin bütün üzvlərinin qətlindən gedir. Ona görə burada məsuliyyət daşıyan hər kəs mütləq qanun qarşısında cavab verməlidir. İlk növbədə həkim cavab verməlidir, ciddi tədbir görülməlidir ki, necə belə bir xəstə insan xəstəxanaya yatırılmayıb. Müalicə almadan cəmiyyət içərisinə buraxılıb və bu formada sərbəst gəzməsinə şərait yaradılıb. Eyni zamanda həmin bu şəxsə sürücülük vəsiqəsi verən şəxs də ciddi məsuliyyət daşıyır. Onlar da qanun qarşısında cavab verməlidirlər və məsuliyyət daşımalıdırlar.

Çünki söhbət bir adamdan yox, bir ailənin qətlindən gedir. Ümumiyyətlə düşünürəm ki, bu kimi hadisələrə biz ciddi, dərindən, ölçülmüş-biçilmiş, təhlil edilmiş bir formada yanaşmalıyıq ki, belə hadisələr tez-tez yaşanmasın və baş verməsin. Bu hadisələrin kökü ciddi araşdırılsın.

Təsəvvür edin ki, bu insan hadisəni yalnız ailəsinə qarşı deyil, başqalarına qarşı da törədə bilər. Avtomobilində apardığı sərnişinlərə qarşı və digər insanlara qarşı da edə bilər. O mənada hesab edirəm ki, bu kimi məsələlərdə çox diqqətli və ehtiyatlı olmağa ciddi ehtiyac var. Belə hadisələrdən qaçmaq üçün biz ciddi şəkildə təhlil aparmalıyıq. Hesab edirəm ki, çox ciddi də cəza tədbirləri olmalıdır. Mən düşünürəm ki, bu kimi məsələlərin kökündə duran ciddi səbəblərdən biri də cəzanın olmamasıdır, cəzasızlıqdır. Bu insanlar cəzasız qaldıqları üçün eyni cinayətlərin yaranmasına şərait yaranacaq. Yenə də deyirəm, bu sadə bir proses deyil. Bütöv bir ailənin qətlindən, bədbəxtliyindən bəhs edir. Buna görə də, bu hadisə ciddi araşdırılmalı ki, gələcəkdə belə hallarda yaşanmasın".

Baş verən dəhşətli qətllə bağlı sosioloq Əhməd Qəşəmoğlu da bu məsələdə tək bir insanın günahkar olmadığını bildirib: "Belə hadisələrin baş verməsi sadəcə bir insanın özünün şəxsi xarakterindən asılı deyil. Bunun arxasında çox sayda səbəblər var. Öncə ona iki-üç yaşından başlayaraq verilən tərbiyə, məktəbə gedəndə müəllimlərinin ona göstərdiyi münasibət, ta sona qədər xəstə-xəstə ona avtomobil alan valideyn. Hələ 15 yaşında kimisə bıçaqlamasına göz yumanlar. Bunların hamısını bilə-bilə etinasızlıq edən adamların hamısı günahkardır. Bütün bunların arxasında isə ayrı-ayrı adamları tapıb, onları tənqid eləmək, günahlandırmaqla iş bitməz. Deməli, müstəqil ölkəmizdə biz hər sahədə görülən işləri nümunəvi şəkildə, yüksək səviyyədə qurmalıyıq. Dünyanın ən aparıcı ölkələrində olduğu bir səviyyədə.

Dəfələrlə tənqid etdiyimiz, doğrudan da çox mənfi tərəfləri saymaqla bitməyən sovet cəmiyyətində belə məsələlər ola bilməzdi. Orada sosial siyasət, humanitar siyasət, güc strukturları ilə qarşılıqlı əlaqə, təhsil sistemi, gənclər təşkilatlarının fəaliyyətləri qarşılıqlı olaraq elə qurulmuşdu ki, cəmiyyətdə bu cür insanların yetişməsi az ehtimal idi. Çünki hər bir insanın davranışının formalaşmasında dörd mühüm amil rol oynayırdı. Öz fərdi xüsusiyyətləri, mühit, aldığı informasiya, üstünlük verdiyi dəyərlər. Dörd amilin qarşılıqlı əlaqəsi insanı formalaşdırır.

Tutaq ki, bu adam psixi xəstədir, mühit elə ola bilər ki, həmin xəstənin təhlükəli tərəflərini bloklaya bilər, bunları inkişaf etməyə qoymaz. Və yaxud cəmiyyət elə ola bilər ki, həmin xəstədə o xüsusiyyət daha da inkişaf edər. Deməli, indiki vaxtda bizim mühitimizdə elə bir şərait var ki, insanları mənfi cəhətə doğru yetişdirir. Təkcə bu hadisə deyil ki. Eşidirik ki, biri atasını öldürüb, biri qonşusunu öldürüb və s. Bu mühitin özündən gələn bir mənfilikdir. Ona görə də, uşağın aldığı informasiyalar barədə maraqlanmaq lazımdır. Bu insana fərd kimi nəzarət eləmək lazımdır ki, nə informasiyalar alıb. Bunun anası məktəb direktoru olub. Görünür ki, o, öz uşağının təlim-tərbiyəsində, formalaşmasında heç bir iş görməyib. İnsan daha çox əhatəsindən informasiya alır.

Sovet rejimində gənclər təşkilatları hər vaxt məktəblərdə, məktəbdənkənar işləyirdi. Təhsil sistemində bu istiqamətdə işlər görülürdü.

Bu gün bu cür insanlardan on nəfərini təhlil edə bilsək, görərik ki, bunlar həyatda hansı dəyərlərə üstünlük verirlər.

Necə olub ki, valideyn bilə-bilə ki, uşağı xəstədir, ona taksi xidməti göstərməyə şərait yaradıb? Bu sürücülük vəsiqəsini necə alıb? İndi hər kəs bilir ki, sürücülük vəsiqəsinin almağın yolları hansılardır. Yəni bir çox adam gecə-gündüz nə qədər çalışır, gedib öz biliyi ilə sürücülük vəsiqəsi ala bilmir. Biri böyürdən çıxıb deyir ki, bu vəsiqənin qiyməti bu qədərdir. İndi görün xəstə adamın vəsiqəsinin qiyməti nə qədər olub. Burada günahın bir çoxu valideynlərin üzərinə düşür. Çünki həmin valideynlər öz uşaqlarının cəmiyyətdə adekvat bir mövqe tutmaq üçün heç bir iş görməyib, əksinə təhlükəli fəaliyyətinə şərait yaradıblar. Yenə də bunların hamısı gəlib dayanır ölkədəki humanitar, sosial siyasətin düzgün qurulmamasına. Bu istiqamətdə biz çox ciddi işlər görməliyik. Elimi əsaslarla cəmiyyətin indiki xüsusiyyətlərini nəzərə alaraq fəaliyyət proqramları hazırlanmalıdır. Bu fəaliyyət proqramlarında aydın olacaq ki, valideynin öhdəsinə hansı işlər düşür, məktəblə valideyn arasında hansı işlərə ehtiyac var, valideynin uşağı xəstədirsə, onun qarşısında hansı vəzifələr dayanır, hüquq-mühafizə orqanlarının qarşısında hansı vəzifələr dayanır, qanunvericilik orqanlarının vəzifəsi nədə ibarətdir? 

Araşdırmaq lazımdır. Ona sürücülük vəsiqəsi verəni cəzalandırmaq lazımdır. Necə olur ki, belə adam sürücülük vəsiqəsi alıb? Gedib yoxlasaq, görəcəyik ki, o adam normal sürücülük məktəbini də qurtarmayıb. Gedib pulunu verib kağız alıb ki, guya bu sürücülük məktəbini qurtarıb. Bu məsələlərin necə ki, üstündən keçirik, dərindən təhlil eləyib səbəbləri üzə çıxardıb, bunları ləğv eləmirik cəmiyyətdə belə hallar daha çox olacaq. Çünki cəmiyyət dediyim kimi, mürəkkəbləşdikcə, həssaslaşdıqca bizim də həssas məsələlərə, sosial problemlərə, sosial-psixoloji problemlərə daha çox diqqət yetirməyimizə zərurət var. Çox təəssüf ki, ölkədə bu məsələlərə lazımi səviyyədə diqqət verilmir".

635x100

Şərhlər

Həsən Minvəlli 2024-02-17 17:59:12

Hələ SSRİ dövrümüzdən pis vərdişimizdir-adi işi, ya problemi məsləhət-qabiliyyətlə səssizcə lokal (qapalı) şok-şouya, dünya harayına çevirmək? Subyektin videosu və şəkli onun qeyd edilən xəstəliyini, ya da adam öldürəcək taqətinin olduğunu göstərmir? Sürücü kimi hansısa qəza qeydi də səslənməyib? Ayrıca mənzilinin olması qısqanclıq səbəbini də əsas vermir?

Mubariz 2024-02-16 11:23:01

Yuxarıda sadalanan fikirlərin hamısı cəfəngiyyatdır ,hamı özünü ağıllı hesab edir .Ölkə bu gündədir ,heç kəs əsl həqiqəti demir ,.Əsl həqiqət rüşvət ,imtiyaz sahibi ,qohumbazlıq ,yaltaqlıq vəs. Baş Nazirin müavinin nəvəsi maşınla insanları qətlə yetirdi ,nəticəsi -yuxarıda sadalanan şərtlər işə düşdü və Azadlıq ,Eləcədə minlərlə faktlara hər gün rastlaşırıq .Deməli artıq çürümə gedir

Qalib 2024-02-16 01:10:27

Psixi xəstə niyə ğzünü baltalamır? 5 nəfərdən sonra özünə də xəsarət yetirəydi. ????????????

ƏNHU 2024-02-15 23:09:52

Əvvəla öyrənilməlidir ki, bu adam hansı dispanserdə qeydiyyatdadır. Dərhal dispanserin baş həkimi həbs edilməlidir. Heç şübhəsiz ki, o bu caniyə ya saxtakarlıq edərək ruhi xəstəlik haqda sənəd verib, ya da rşvət müqabilində belə bir təlükəli xəstəni cəmiyyət içinə buraxıb. Əlavə olaraq onu da deyim ki, Bakıdakı ruhi xəstəxanada yatan imkansız xəstələr var ki onların pensiya kartları həkimlər əllərindən alınıb.Bunlar savadsız və əli heç hara çatmayan zavallı adamlardır. Guya bunun müqabilində onlara paltar və yemək alınır. Xəstə yiyələri bunu söyləməyə qorxurlar. Aidiyyatı təşkilatlardan xahiş edirəm bu məsələni dərindən araşdırın və kasıblara ALLAH xətrinə rəhm edin.Onları zalımların əlində yiyəsiz qoymayın.

Şəkidən 2024-02-15 22:46:09

Həqiqətəndə ölüm hökmü bərpa olunmalıdır. Ölkəmizdə ölüm hökmü olmadığına görə belə cinayətlərin sayı artmaqda davam edir. Sürücülük vəziqəsi almaq üçün verilən Sağlamlıq haqqında Arayış vətəndaşı yoxlanılmadan, pulun müqabilində verilir. Aidiyyatı qurumlar nə üçün Xəstəxanalarda yaranmış özbaşnalıqlarla mübarizə aparmırlar. Sağlamlıq haqqında Arayışı almaq üçün 50 manat rüsumu dövlətin hesabına ödədikdən sonra, 50 manatda Poliklinikanın rəhbərliyinin göztərişinə əsasən 50 manat da özlərinə verdikdən sonra, vətəndaşın sağlamlığı yoxlamadan sağlamlıq haqqında arayışı verirlər.Xəstəxanada korrupsiya hökm sürməkdə davam edir. .... Sağlamlıq haqqında arayışı Qoxmaz həkim 50 manat özünüə aldıqdan sonra vətəndaşı ysağlamlığı yoxlamdan Arayışı verirlər. Bədbəxtçilk elə Xəstəxanadan başlayır !

dadaşyev 2024-02-15 14:11:00

Bəlkə heç psixi problemi yoxdu?Axı bizdə kimin pulu başından aşıb daşırsa, övladı bir cinayət törədincə dərhal ona dəlilik kağızı düzəldilir və həbsdən qurtarılır.Yox əgər həqiqətən də dəlidirsə onda ola bilsin onu biriləri killer kimi tutaraq ailəsini öldürməyə təhrik ediblər.Keçən ay bir yeniyetmə də yolda-irizdə yaşlı nənələrə sataşırdı,videosunu çəkib sosial şəbəklərə qoyurdu. İlişən kimi məlum oldu ki psixi pozğunluğu varmış.Vəssalam. Psixdirsə, demək nə istəsə edə bilər.Daha demədilər ki,psixdirsə məktəbdə necə oxuyur?Direktor,tədris hissə müdiri niyə onun psix olmasından xəbər tutmayıb?O da indidən çox dəqiq araşdırılmalıdır,görsünlər doğrudanmı psixdi?Yoxsa əlindəki dəlilik kağızıyla günün birində o da buna bənzər faciə törədə bilər və cinayət məsuliyyətindən də daşdan keçən o kağızla yaxasını sıyırar.

Cəmşid Dərələyəzli 2024-02-15 11:56:28

Dəfələrlə bu barədə fikir bildirmişəm ki, Azərbaycanda ölüm hökümü maddəsi qəbul olunmalıdır. Bu gün cəmiyyətin və dövlətin inkişafında böyük əngələ çevrilmiş bu altı bəladan -1. Qəsdən adam öldürmə ilə, 2. RÜŞVƏTLƏ, 3. NARKOTİKLƏ, 4. Vətənə xəyanətlə, 5. Az yaşlı uşaqlara təcavüzlə, 6.Terrorçuluqla baş etmənin tək yolu edam cəzasıdır. Biz bunları yox etmədən xəyal etdiyimiz nə o sosial -iqtisadi inkişafa, nə də ədalətli sivil bir cəmiyyətin qurulmasına nail ola bilməyəcəyik. Ona görə də hər bir bəla kökündən qurudulmalıdır.

Son yazılar