Menu

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək - Kirbi açıqladı

21.02.2024, 11:47
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək - Kirbi açıqladı

ABŞ müxalif siyasətçi Aleksey Navalnının həbsxanada müəməmmalı ölümü və Ukraynaya qarşı iki il davam edən işğalçı müharibə ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib.

ABŞ Prezidenti Co Bayden Kaliforniyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib ki, tədbirlər fevralın 23-də rəsmən elan ediləcək.

Çərşənbə axşamı günü Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi əlavə təfərrüatlar olmadan gözlənilən sanksiyaları açıqlayıb. Kirbi vurğulayıb ki, ABŞ Rusiyadan Aleksey Navalnının Yamaldakı cəzaçəkmə koloniyasında ölümünün səbəbləri ilə bağlı tam şəffaflıq tələb edir.

“Rusiya hökuməti dünyaya hansı hekayəni söyləmək qərarına gəlsə də, aydındır ki, Navalnının ölümünə görə prezident Putin və onun çevrəsi məsuliyyət daşıyır”, - Kirbi deyib.

O, əlavə edib ki, Rusiya müxalifət liderinin ölümü ilə bağlı etibarlı araşdırma aparılmır. Rusiya hakimiyyətinin dediklərinə etibar etmək olmaz. Kirbi bildirib ki, ABŞ-ın Moskvadakı səfirliyi Navalnının ölümü ilə bağlı əlavə məlumat almağa çalışır.

Amerika prezidenti Co Bayden Navalnının ölümündə Rusiya Prezidenti Vladimir Putini günahlandırıb. Bayden qeyd edib ki, Aleksey Navalnının Rusiya koloniyalarından birində ölümü onu qəzəbləndirib, lakin bu xəbərə təəccüblənməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol