Menu

Dələduzluq piramidası yaratmaqda təqsirləndirilən şəxslər barədə məhkəmə istintaqı başa çatıb

21.02.2024, 15:03
Dələduzluq piramidası yaratmaqda təqsirləndirilən şəxslər barədə məhkəmə istintaqı başa çatıb

“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Xəyal Yaxyayevin 15 il, Gülara Abdullayeva və Yeganə Məmmədovanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.

Qeyd edək ki, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunublar.

Müəyyən edilib ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və digər şəxslər ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə təbliğatını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə, əslində, mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif ediblər, ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Gülara Abdullayeva, Xəyal Yaxyayev və Yeganə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Şərhlər

Zərərçəkmişlərdən 2024-02-21 19:20:11

*OCOS* işçi və təbliğatçıları ölkəmizdə rəsmi qeydini, yuxarı (xarici) şəbəkə ilə daimi əlaqəsini böyük dəstək kimi yada salırdılar! Xarici dəstəyi olsa da, bizcə *Azərbaycan* bölməsinin təsisçiləri öz sərmayə imkanları məbləğində iş qura və həmin məbləğdə Nizamnamə kapitalını girov qoyduqları yeri ilə təsdiqləməli deyildilərmi? Ödənişləri Kimlər necə həyata keçirəcəklər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol