Menu

Dünya Bankı "Orta Dəhliz"lə bağlı problemləri açıqlayıb

22.02.2024, 16:06
Dünya Bankı "Orta Dəhliz"lə bağlı problemləri açıqlayıb

Dünya Bankı "Orta Ticarət və Nəqliyyat Dəhlizi: 2030-cu ilədək daşımaların həcmini üç dəfə artırmaq və müddətini yarıbayarı azaltmaq üçün gərəkli siyasət və sərmayələr" adlı hesabatını dərc edib.

“AzPolitika.info” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, hesabatda layihənin inkişafı üçün zəruri olan addımlardan söz açılır.

Qeyd edək ki, "Orta Dəhliz" Çini Avropaya birləşdirən nəqliyyat dəhlizidir. Bu dəhliz 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılıb.

Dünya Bankının hesabatında bildirilir ki, Rusiyanın Ukraynaya hücumu ilə başlayan savaş "Orta Dəhliz"ə marağı bir qədər də artırıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya təcavüzü ticarət yollarını şaxələndirmək və iqtisadi dayanıqlıq yaratmaq, eləcə də Rusiyadan keçən dəhlizlərdən asılılığı azaltmaq üçün alternativ dəhliz kimi "Orta Dəhliz" üçün yeni perspektiv ortaya çıxarıb. "Orta Dəhliz"də konteyner daşımaları 2021-ci illə müqayisədə 2022-ci ildə 33 faiz artıb.

Ancaq yükgöndərənlər Rusiyanın Ukraynanı işğalından dərhal sonra daşınacaq yüklərini "Orta Dəhliz"ə köçürdükcə yolun məhdudiyyətləri də üzə çıxmağa başlayıb. "Orta Dəhliz"in texniki əməliyyat potensialı tam istifadə olunmasa da, sərhəd keçidləri, daşınma və əlaqələndirmə problemləri həddən artıq nəqliyyat gecikmələrinə və alternativ dəhlizlərə keçidə səbəb oldu. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə ötən il (ilk 8 ayda) konteyner daşımalarını 37 faiz azaltdı.

Dünya Bankının hesabatından da aydın olur ki, dəhlizin resurs və infrastrukturu müharibədən sonra artan tələbi tam qarşılamağa yetmədi.

"Orta Dəhliz" ilə bağlı əsas problemlər gəmi çatışmazlığı, sonra da yol sənədləri ilə bağlıdır. Yüksək tariflər, izləmə sistemlərinin olmaması, daşınma ilə bağlı problemlər, vaqon parkı və logistika mərkəzlərinin keyfiyyətinin aşağı olmadı "Orta Dəhliz"lə bağlı başlıca problemlər kimi göstərilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol