Menu

Azərbaycanın kəşfiyyat peyki istifadəyə verildi

02.12.2014, 12:23
Azərbaycanın kəşfiyyat peyki istifadəyə verildi

 Azərbaycanın “Azərkosmos” ASC ilə Fransanın “Airbus Defence and Space” şirkəti ilə imzalanmış müqavilə əsasında bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı “Azersky” olacaq Spot 7 yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki bu gün Azərbaycana təhvil verilib.

“Azərkosmos”-dan SalamNews-a verilən məlumata görə, bu müqavilə “Bakutel 2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Prezident peykdən ilk simvolik görüntünü əldə etməklə “Azersky” peykinin kommersiya fəaliyyətinə start verib.

Müqaviləyə əsasən, “Azərkosmos”-a məxsus “Azersky” və “Airbus Defence and Space” şirkətinə məxsus SPOT 6 yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki peyk toplusu formasında birgə istifadə olunacaq. Azərbaycanda quraşdırılacaq yerüstü stansiya çox yüksək ayırdetməli “Pléiades 1A və 1B” (0.5 m ayırdetmə) peyklərindən istifadə imkanı yaradacaq. Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. Hər iki peyk toplusu bir gün ərzində 6 milyon kv-km ərazinin şəklini çəkə bilir.

Qeyd edək ki, “Azersky” Hindistanın PSLV raketi ilə bu ilin iyunun 30-da orbitə çıxarılıb. Bu peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır. Qarşıdakı bir il yarım ərzində 25 nəfərdən çox azərbaycanlı mütəxəssis Fransada peykin idarə olunması, məhsulların yaradılması və eyni zamanda marketinq-satış işlərinin təşkil edilməsi sahəsində təşkil ediləcək təlimlərdə iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol