“PRİQOJİN KİMİ...” - Navalnını harada və necə dəfn edəcəklər?

“Vladimir Putin, oğlumun meyitini verin ki, onu insan kimi dəfn edə bilim...”

Bunu Aleksey Navalnının anası Lyudmila oğlunun ölümündən 5 gün sonra Vladimir Putinə birbaşa videomürtaciətində demişdi. 

Çoxsaylı tələb və müraciətlərdən, etirazlardan, eləcə də Kremlin özünün artıq bütün mənəvi cizgiləri aşdığını və bunun Putin hakimiyyətinin əleyhinə işlədiyini anlamasından sonra Navalnının cəsədi nəhayət ki, 9 günün tamamında anasına təhvil verildi...

İndi isə Rusiyanın əsas müxalifət lideri sayılan Navalnının nə vaxt, harada və necə dəfn olunacağı ətrafında qızğın müzakirələr gedir. Çünki Kreml zatən əhalinin hakimiyyətdən o qədər də razı qalmadığı indiki vaxtda, xüsusilə də seçki öncəsi bu dəfn mərasiminin özü üçün “baş ağrısına” çevrilməsini istəmir. 

Buna görə də çoxları iddia edirlkər ki, hakimiyyət Navalnının ailəsini onu fevralın 29-da dəfn etməyə məcbur edəcək. Çünki həmin gün Putinin Federal Məclisə müraciəti baş tutacaq. Bu isə Navalnının dəfnini qismən də olsa “kölgədə qoya” bilər...

Onun harada dəfn edilməsinə gəlincə, teleqram kanalları əsasən Moskvadakı iki qəbristanlığın adını çəkirlər - Borisovskoye və Xovanskoye.

Bu arada Rusiya təhlükəsizlik xidmətlərinin nəzarətində olduğu bildirilən “VÇK-OQPU” teleqram kanalı Navalnının cəsədinin Moskvaya aparıldığını əks etdirdiyi bildirilən kadrları, həmçinin dəfn mərasiminin tarixi və yeri barədə məlumatlar dərc edib: “Dəfn mərasimi fevralın 29-na təyin edilib, mərasim cənazənin qəbulundan 5 gün sonra keçiriləcək və Borisovskoye qəbiristanlığında olacaq. Əldə etdiyimiz məlumatlara görə, dəfn üçün yer artıq alınıb və 8 milyon rubla başa gəlib”.

Navalnının yaxın silahdaşlarından olan İvan Jdanov deyib ki, Navalnının qohumları əvvəlcə dəfn üçün Troekurovskoye qəbiristanlığını seçiblər. Lakin müstəntiqlər müxalifətçinin anasına deyiblər ki, “bu, heç bir halda uyğun seçim deyil”.

Onlar Navalnının ailəsinə dəfn yeri kimi Moskva Dairəvi Yolunun kənarında yerləşən Xovanskoe qəbiristanlığını təklif ediblər. Bu, o deməkdir ki, Kreml qəbrin Moskvanın mərkəzindən mümkün qədər uzaqda yerləşməsini istəyir.

Eyni zamanda, təhlükəsizlik qüvvələri Navalnı ilə vidalaşma üçün mərasim zalının seçilməsi məsələsinə də müdaxilə ediblər.

Jdanovun sözlərinə görə, əvvəlcə siyasətçinin ailəsi mərasim üçün bir neçə mümkün yeri nəzərdən keçirib. Bunlar mərkəzdən bir o qədər də uzaqda olmayan ərazilərdə yerləşib. Lakin müstəntiqlər bu variantları rədd edərək Lyudmila Navalnayadan Xovanskoye qəbiristanlığına daha yaxın zal seçməsini istəyiblər.

Beləliklə, müstəntiqlər Navalnının anasından dəfn mərasiminin birbaşa Xovanskoye qəbiristanlığının yaxınlığında, dini anım mərasiminin isə yaxınlıqdakı kilsədə keçirilməsini tələb ediblər.

Jdanov həmçinin qeyd edib ki, bütün məhrumiyyətlərə və Navalnının ailəsinə qarşı edilən haqsızlıqlara rəğmən, onu Rusiyadan kənarda dəfn etmək variantı nəzərdən keçirilmir...

Nəhayət, məlum olub ki, müstəntiqlər Lyudmila Navalnaya ilə söhbətdə müxalifətçinin dəfn mərasiminin “sakit” və “gizli”, - “Vaqner” başçısı Yevgeni Priqojin “üslubunda” keçirilməsini tələb ediblər. Bunu da jurnalistlərtə Jdanov söyləyib.


Bu tələb müxalifətçinin anasını hiddətləndirib və o, sonrakı videomüraciətində tələb edib ki, hər kəsin onun oğlu ilə vidalaşması üçün şərait yaradılsın. Lyudmila Navalnaya əlavə edib ki, hazırda məhz müstəntiqlər Alekseyin harada, nə vaxt və necə dəfn edilməli olduğu şərtlərini müəyyənləşdirirlər. Jdanov həmin şərtləri də açıqalyıb:

Dəfnin sonuna qədər İstintaq Komitəsinin əməkdaşı həmişə Navalnının anasının yanında olmalıdır;

Navalnının cəsədi olan təyyarə Moskvaya enənə qədər dəfn mərasimi ilə bağlı məlumatlar gizli saxlanmalıdır ki, onu hava limanında insanlar qarşılamasın...

Bu arada "The Moscow Times"ın Kremlə yaxın mənbələri bildirib ki, Prezident Administrasiyasının qarşısında Navalnının dəfninin “siyasi nümayişə çevrilməsinin və Putinin seçkisini korlamasının qarşısını almaq” vəzifəsi durur. Həmin yazıda qeyd olunur ki, ilk olaraq, müxtəlif variantlar, o cümlədən meyitin seçkilərə qədər Navalnının yaxınlarına təhvil verilməməsi kimi çox çirkin variant da olub...

Göründüyü kimi, Yevgeni Priqojindən fərqli olaraq, Navalnı Kremlin üzərinə “top-tüfənglə” gəlməmişdi. Buna baxmayaraq, onların hər ikisi də eyni aqibəti yaşadılar. Bəs onların dəfni də eyni “üslubda” keçiriləcəkmi? Böyük ehtimalla bəli, ancaq hər halda, bu sualın daha dəqiq cavabı yaxın günlərdə bəlli olacaq.

Bu dəfnin Rusiya cəmiyyətini ayağa qaldıracağı, üsyana səbəb olacağı, ölkədə vəziyyətə dəyişəcəyi barədə iddialar isə bəri başdan boş və yanlış təsəvvürlərdən irəli gəlir. Böyük qismi rəsmi təbliğatın təsiri altında biganələşmiş, az hissəsi baş götürüb ölkədən qaçmış, digər əhəmiyyətli bir hissəsi isə hələ də şovinizm və imperiyaçılıq xülyaları ilə yaşayan cəmiyyət bir yox, yüz navalnınıların qətlindən sonra belə düzələnə oxşamır...

Cəlal Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar