“İsveçin NATO-ya üzvlük proseduru tamamlandı. Bu dövlət 2 əsrlik neytrallığına son qoyaraq rəsmən bir hərbi-siyasi bloka qoşuldu”.
“AzPolitika” xəbər verir ki, bunu siyasi təhlilçi Şahin Cəfərli Macarıstan parlamentinin ratfikasiyasından sonra İsveçin hərbi alyansa qoşulmasının perspektivlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, İsveç güclü ordusu və hərbi infrastrukturu (yeraltı aerodromlara və dəniz bazalarına malikdir), güclü hərbi sənayesi ilə NATO-ya böyük töhfə verəcək imkanlara sahibdir.
“Hətta vaxtilə yarımçıq qoyduğu nüvə proqramı da var. İsveç NATO-da “təhlükəsizliyi istehlak edən deyil, istehsal edən” dövlətlərdən biri olacaq”, - o əlavə edib.
Ekspert vurğulayır ki, İsveç və Finlandiyanın Atlantik ittifaqa qəbulu Baltik və Arktik regionlarında geostrateji vəziyyəti ciddi şəkildə dəyişir: “Əvvəl Baltik dənizinin cənub sahil xəttinə NATO üzvləri Estoniya, Latviya, Litva, Polşa və Almaniya tərəfindən nəzarət edilirdisə, Finlandiya və İsveçin üzvlüyündən sonra şimal sahilləri də alyansın nəzarətinə keçdi və Baltik dənizi “NATO gölü” halına gəldi”.
Şahin Cəfərli deyir ki, Rusiyanın burada iki hərbi dəniz bazası var: “Kornştadt (Sankt-Peterburq) və Baltiysk (Kalininqrad). Ehtimal olunan qarşıdurma zamanı NATO Fin Körfəzini bağlayıb həm bu 2 bazanın bir-biri ilə əlaqəsini kəsə, həm də ümumən Rusiyanı Baltik dənizindən təcrid edə bilər. Bu halda Kalininqrad tam blokada şəraitində qalacaq".
“XVIII əsrin əvvəllərində Rusiyanın Baltik dənizinə stabil və qalıcı çıxışını təmin etmiş, orada yeni paytaxt şəhər salmış, güclü donanma quraraq rus çarlığını imperiyaya çevirmiş I Pyotr bu gün məzardan qalxıb gələ bilsəydi, yəqin ki, Putini Kremldən çölə atardı”, - siyasi təhlilçi vurğulayıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər