Azərbaycan Demokrat Partiyasının sədr müavini, yazar Nurəddin İsmayılov tanınmış telejurnalist, ziyalı Qulu Məhərrəmlini 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
"Qütbləşmənin, qarşıdurmanın, təfriqə və siyasi intriqaların cəmiyyət üçün nə qədər ziyanlı, dağıdıcı olduğunu ürək yanğısı ilə dilə gətirən, hər yazısı, hər araşdırması cəmiyyəti oyanışa səsləyən, çoxlarının alver predmetinə çevirmək istədiyi müqəddəs jurnalist peşəsini göz bəbəyi kimi qoruyan, sağlam tənqidi, səlist məntiqi, pedoqoji ustalığı ilə seçilən təvazökar, alicənab Qulu müəllim adlı bir insan var, sıramızda.
Sürüşkənliyi sevməz - sabit qədəmdir, özündən çıxmağı xoşlamaz - təmkinlidir, nöqsanlar gözündən yayınmaz - nəzəri itidir, tərifi sevməz - könlü toxdur, şöhrət dalınca qaçmaz - ehtiyacı yoxdur, cəhaləti rədd edər - aydındır, avtoritarlığın ziddinədir - zatən demokratdır, diletantlara baş qoşmaz - peşəkardır, təltif güdməz - xalqı üçün xidmətkardır, alçatmaz - ucadır, yol göstərər - müəllimdir, ustadır, hər kəsə qucaq açar - zərərsizdir, qorxmasınlar - tənqidində qərəzsizdir, üzü gülər - içi hüznlüdür, mərddir - cəfaya dözümlüdür.
Kamillik zirvəsinə doğru gedən yolunuz mübarək, Qulu müəllim!
Nurəddin İsmayıl"

Şərhlər