Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının və Elm Komissiyasının üzvü, Pedaqogika elmləri doktoru, professor
Bu günlərdə faciənin ildönümü ilə bağlı ilk dəfə olaraq ölkə başçısı Xocalıda anım günü ilə bağlı ictimaiyyət nümayəndələri ilə görüşmüş və xatirə abidə-kompleksinin təməlqoyma mərasimində çıxış etmişdir.
Azərbaycan Respublikasının qalib Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgünlük lokal antiterror əməliyyatı ilə qondarma “arsax” adlı Qordi düyününü elə kəsdi ki, bir çox faciələrimizin cavabı verilmiş oldu. Bunlardan biri də Xocalı soyqırımı idi. Beynəlxalq qurumların hüquqi səviyyədə cavablandırılmasına göstərdikləri laqeyd münasibəti Dövlət Başçımızın rəhbərliyi ilə xalqımız və Ordumuz real həyati cavabını vermiş oldu.
Hələ vaxtilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi, "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın yaşayış məskənlərinə çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76-sı uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
“Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
Xalqımız heç vaxt bu faciənin beynəlxalq hüquqi qiymət almasından əl çəkməyəcək, bunun üçün fasiləsiz, çoxşaxəli tədbirlərlə faciənin soyqırım kimi dəyərləndirilməsinə çalışacaqdır.
Xocalı soyqırımının tanıdılmasında "Xocalıya Ədalət” kampaniyası mühüm yer tutur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir.
Bununla da Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi ölkəmiz və xalqımız üçün ən ümdə prioritetdir.
Xocalıda təməlqoyma mərasimindəki çıxışında ölkə başçısı demişdir: “Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulub”.


Şərhlər
*Xocalıya Ədalət!* şüarı ilə erməəni nasistlərin milyonlarla azərbaycanlı ailələrinə qarşı hər iki respublikadakı kütləvi deport və hərbi-genosid işğalı vəhşiliyinə görə təsəlli, hüquqi təzminat vermək olar? Tarixin heç bir anını adekvat-intiqam-qisas üçün belə təkrarlamaq mümkün və məsləhət deyil! Azərbaycan 1918ci ildən Ermənistan bəyaan ediləndən onun ərazisinə bir addım belə təavüz etməyib!!!