Özünü Dnestryanı ərazinin “hakimiyyəti” adlandıran qondarma separatçı qurum Rusiyaya müraciət ünvanlayıb.

“AzPolitika” xəbər verir ki, separatçı qurumun bu gün keçirilən “deputatlar qurultayı” “Moldovanın iqtisadi blokadası”ndan qorunmaq üçün Rusiyadan kömək istəyib.

Separatçıların “paytaxtı” Tiraspol şəhərində son 18 ildə ilk dəfə “bütün səviyyəli deputatların qurultayı” keçirilib. Dnestryanı “hakimiyyət orqanları” onu daxili və xarici siyasətin ən mühüm məsələləri üzrə çağırılan “kollegial məsləhət orqanı” adlandırırlar.

Müxtəlif səviyyəli “deputatların” və “hökumət nazirlərinin” çıxışları zamanı Moldovaya qarşı iddialar səsləndirilib, Kişinyovun tanınmamış respublikanı “iqtisadi blokadaya salması, malların tədarükünə əlavə rüsumlar tətbiq etməsi” ilə bağlı ittihamlar səsləndirilib.

Qondarma respublikanın “prezidenti” Vadim Krasnoselski isə bir qədər də irəli gedərək, Dnestryanıya qarşı “soyqırım siyasəti” tətbiq olunduğunu bəyan edib. “Qurultay”ın yekunu olaraq 7 bəndlik bəyannamə qəbul edilib ki, orada digər məsələlərlə yanaşı, müdafiə üçün Rusiyaya müraciət də yer alıb.

“AzPolitika.info”