Şimali Koreya ötən ilin avqustundan bu yana Rusiyaya 2,5 milyondan çox sursat tədarük edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin araşdırmasında deyilir.
Hesabatın müəllifləri kommersiya peyklərinin çəkdiyi yüzlərcə şəkli təhlil edərək belə nəticəyə gəliblər ki, 2023-cü ilin avqust ayından bəri gəmilər Şimali Koreyanın Nacin limanına döyüş sursatlarını yükləmək və Rusiyaya çatdırmaq üçün ən azı 25 dəfə yan alıblar.
Araşdırmaçılar bildirirlər ki, transponderləri söndürülmüş ən azı 19 gəmi konteynerləri boşaltmaq üçün Rusiyanın Vostoçnı limanına daxil olub.
2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına qədər Şimali Koreyanın Rusiya sərhədindəki Tumanqan dəmir yolu stansiyasının çəkilmiş peyk görüntüləri həm KXDR stansiyasında, həm də Rusiyanın dənizkənarı Xasan kəndindəki stansiyada görünməmiş sayda müxtəlif tipli vaqonların olduğunu sübut edir. Müəlliflər bildirirlər ki, son vaxtlar dəmir yolu daşımalarının səviyyəsi 2019-2023-cü illərdəkindən xeyli yüksəkdir.
Peyk görüntülərinin təhlili onu da deməyə əsas verir ki, Rusiya Krasnodar vilayətindəki Tixoretsk sursat anbarı, Mozdok sursat anbarı və Rostov vilayətindəki Eqorlıkskaya aerodromunda anbarın infrastrukturunu genişləndirir.
Fevralın ortalarında Ukrayna Baş Prokurorluğu bəyan edib ki, hücumlar zamanı Rusiya KXDR istehsalı olan ən azı 24 ballistik raketdən istifadə edib. Ukrayna tərəfinin məlumatına görə, Rusiya ən kütləvi hücumu 2024-cü il fevralın 7-də KXDR-dən tədarük edilən raketlərlə həyata keçirib. Bu silahın verdiyi ən çox itki 2024-cü il yanvarın 2-də Xarkovun atəşə tutulması zamanı qeydə alınıb. Üç nəfər ölüb, daha 64 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi Şimali Koreyanın Rusiyaya silah-sursat göndərdiyini bildirib. Ağ Ev KXDR-dəki anbardan döyüş sursatı göndərildiyini əks etdirən foto yayımlayıb. Silahlar Rusiya bayraqlı gəmilərə yüklənərək Rusiyanın cənub-qərb sərhədindəki anbara göndərilib. Vaşinqtonun məlumatına görə, çatdırılma sentyabrın 7-dən oktyabrın 1-dək həyata keçirilib.
Cənubi Koreya kəşfiyyatı KXDR-in üç ay ərzində Rusiyaya bir milyon artilleriya mərmisi göndərdiyini bildirib.
Yanvar ayında isə Kirbi bu yaxınlarda Şimali Koreyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya taktiki raket sistemləri və ballistik raketlər tədarük etdiyini bildirmişdi. Ağ Ev rəsmisinin sözlərinə görə, Rusiya artıq dekabrın 30-da və yanvarın 2-də keçirilən kütləvi zərbələr zamanı Şimali Koreyanın raketlərindən istifadə edib.
BMT Təhlükəsizlik Şurasının 7 üzv ölkəsi Rusiyanı Pxenyanla hərbi-texniki əməkdaşlığa qoyulan embarqonu pozmaqda ittiham edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər