Rusiyanın keçmiş müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının üzvü Sergey İvanov “Rossiya-24” telekanalına müsahibəsində “xüsusi əməliyyat zonasında” çağırışçıların olmadığını iddia edib. Xatırladaq ki, Prezident Vladimir Putin də genişmiqyaslı müharibənin əvvəlində də hərbi xidmət keçən əsgərlərin döyüş əməliyyatlarında iştirak etmədiyini və etməyəcəklərini bəyan edib.
Amma iki ildən artıqdır davam edən müharibədə çoxsaylı itkilər Rusiya rəhbərliyini hərbi çağırşıçıları da döyüş zonasına göndərməyə vadar edib. Rəsmi məlumatlara görə, çağırışçılar Ukraynada döyüşür və onların arasında çoxlu sayda ölənlər var.
Rusiya rəhbərlərinin bəyanatları çağırışçı əsgərlər arasında bir neçə təsdiqlənmiş itki faktı ilə ziddiyyət təşkil edir. Məsələn, Moskva Ukraynaya hücumun lap əvvəlində bir neçə çağırışçının əsir düşdüyünü etiraf edib. "Təəssüf ki, Ukrayna ərazisində xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya Silahlı Qüvvələrinin bölmələrində çağırışçıların olması ilə bağlı bir sıra faktlar üzə çıxıb", - o zaman Rusiya Müdafiə Nazirliyi bildirib.
Daha sonra Vladimir Putin hərbi prokurorluğa çağırışçıların necə əsir düşdüyünü aydınlaşdırmağı tapşırıb. Yoxlamanın nəticələrinə görə, 600 çağırışçının Ukraynaya göndərildiyi məlum olub.
2022-ci ilin aprelində Qara Dəniz Donanmasının flaqman gəmisi “Moskva” raket kreyseri batırıldı. Orada 500-ə yaxın adam xidmət edirdi, onların arasında çağırışçılar da var idi. İstintaq Komitəsi, sonra isə Rusiya məhkəməsi gəminin batmasını Ukraynadakı müharibə ilə əlaqələndirməyib, cəmi 17 nəfəri ölü kimi tanıyıb. Media isə 22-dən 40-a qədər dənizçinin həlak olduğunu bildirib.
2023-cü ilin dekabrında Ukrayna işğal olunmuş Feodosiya limanında yerləşən böyük desant gəmisi "Novoçerkassk"ı batırdı. Ölənlər arasında çağırışçılar da olub.
Ola bilsin ki, İvanov və ümumilikdə Rusiya hakimiyyəti bu itkiləri xüsusi əməliyyat zonası ilə bağlı hesab etmir, çünki hər iki gəmi işğal olunmuş Krım ərazisində yerləşirdi. Eyni zamanda, çağırışçılar, məsələn, xüsusi əməliyyat zonasına aid olmayan Belqorod vilayətinin ərazisinə hücumları dəf edirlər.
Rusiyada hərbi xidmətə çağırış iki mərhələdə - yaz və payızda həyata keçirilir. Son illərdə çağırışçıların sayı hər kampaniyada 120 min nəfərdən çox olub. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun dərc etdiyi “The Military Balance 2024” hesabatına əsasən, Rusiya silahlı qüvvələrində ümumilikdə 1,1 milyon insan xidmət edir.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər