Prezident Emmanuel Makronun “Rusiyanın müharibədə qalib gəlməməsi üçün Ukraynaya qoşun yeritmək variantı da daxil olmaqla, hər şey masadadır” açıqlaması Qərb ölkələrinin Ukrayndakı hərbi varlığını ifşa edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.
"Le Monde"-nin yazdığına görə, Fransa, ABŞ və Böyük Britaniyanın Ukraynada hərbi təlim və məsləhət adı altında fəal şəkildə fəaliyyət göstərən bir çox hərbi və kəşfiyyat mərkəzləri var. Qeyd olunur ki, Makronun sözügedən açıqlaması Ukraynada hərbi mövcudluğu olan Qərb ölkələrini narahat edib.
Xəbərə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Ukrayna ordusuna dəstək olmaq üçün bəzən birbaşa, bəzən də məsləhətçi və müxtəlif adlar altında hərbi təlim keçən bölmələr göndərir. Adı açıqlanmayan ukraynalı diplomatik mənbə “Bütün müttəfiq dövlətlərin kəşfiyyat bölmələri Ukraynada fəaliyyət göstərir” deyərək bu vəziyyəti təsdiqləyib. Sözügedən mənbə bildirib ki, Ukraynaya göndərilən hərbi texnikanın istifadəsi üzrə hərbçilərə təlim keçəcək bölmələr də göndərilir.
“Le Monde” yazır ki, Makronun açıqlamalarına ən şəffaf cavab Böyük Britaniyadan gəlib. B. Britaniyanın Baş naziri Rişi Sunakın sözçüsü fevralın 26-da verdiyi bəyanatda orduya dəstək üçün Ukrayna ərazisində az sayda hərbi birlik saxladıqlarını bildirib. Keçmiş Britaniya Hərbi Dəniz Qüvvələri generalı Robert Maqovan 2022-ci ilin sonunda "Globe and Laurel" jurnalına verdiyi müsahibədə 350 İngilis əsgərinin 2022-ci ilin yanvar-aprel ayları arasında bu ölkədə siyasi və hərbi risklər daşıyan xüsusi əməliyyat keçirdiyini bildirib. Bu bəyanat London tərəfindən heç vaxt təkzib edilməyib.
Fransa nəşri qeyd edib ki, ABŞ Böyük Britaniyadan fərqli olaraq burada hərbi mövcudluğunu elan etməkdən çəkinib.
“New York Times” qəzetinin apardığı araşdırmada Ukraynada, xüsusən də Rusiya sərhədinə yaxın bölgələrdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 12 gizli bazasının ola biləcəyi iddiası yer alıb. Araşdırmalara görə, burada MKİ-nin gizli bazalarının yaradılması 2014-cü ildə, Krımın Rusiya tərəfindən ilhaq edildiyi vaxtdan başlayıb.
İddia olunurdu ki, MKİ bu bazalar vasitəsilə Ukrayna ordusuna gizli hərbi əməliyyatlar keçirməyə şərait yaradıb. Paris administrasiyası üstüörtülü şəkildə Ukraynada yalnız Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) əməkdaşlarının olduğunu etiraf etsə də, sözügedən personalın sayı və ya vəzifələri barədə ictimaiyyətə açıqlama verməyib.
"AzPolitika.info"


Şərhlər