Menu

Medvedçuk Zelenskini məhkəməyə verib - Hakimlər onun tələbini araşdırır

06.03.2024, 17:12
Medvedçuk Zelenskini məhkəməyə verib - Hakimlər onun tələbini araşdırır

Dövlətə xəyanətdə şübhəli bilinən keçmiş Ukrayna deputatı və Putinin ən yaxın adamlarından biri olan Viktor Medvedçuk məhkəmə vasitəsilə Ukrayna vətəndaşlığını və deputat statusunu bərpa etməyə çalışır.

“AzPolitika” xəbər verir ki, Ukrayna KİV-lərində yayılan məlumatda Medvedçukun hələ ötən ilin fevralında Ukrayna məhkəməsinə şikayət ərizəsilə müraciət etdiyi qeyd olunur.

Medvedçuk iddia edir ki, Volodimir Zelenskinin onun vətəndaşlığına xitam verilməsi haqqında fərmanı “qanunsuz, əsassız, özbaşına və Ukrayna Konstitusiyasına zidd olaraq” qəbul edilib.

Ali Məhkəmə bu ərizəni baxılmaq üçün qəbul edib və iş üzrə dinləmələr davam edir.

Ali Məhkəmənin bu işlə bağlı məhkəmə reyestrində dərc olunmuş qərarları göstərir ki, əvvəlcə cavabdeh şəxs Ukrayna Prezidenti Volodimir Zelenski olub. Sonradan Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidməti işə üçüncü tərəf kimi cəlb edilib. Məhz onların məlumatı əsasında Prezident Medvedçukun Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman verib.

Bu ilin yanvarında Təhlükəsizlik Xidməti bu iddianı süni adlandıraraq işin bağlanması barədə vəsatət qaldırıb. Belə ki, Medvedçukun Rusiya vətəndaşlığı var və bu, onun Ukrayna vətəndaşlığından məhrum edilməsinə əsas olub.

Lakin Ali Məhkəmə işi bağlamaq tələbini rədd edib və Viktor Medvedçukun Ukrayna vətəndaşlığını itirməsi ilə bağlı materialların surətlərini tələb edib. Konstitusiya hüququ üzrə ekspert Boqdan Bondarenko izah edib ki, məhkəmə Medvedçukun vətəndaşlığına hansı əsaslarla xitam verildiyini öyrənmək istəyir. Vəkilin sözlərinə görə, əgər Medvedçukun Rusiya pasportuna dair sübutlar təqdim edilməsə, məhkəmə Zelenskinin fərmanını ləğv edə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol